Akif Nağı: "Tərəflərin konfliktin həllində birbaşa, vasitəçilərsiz iştirakı daha çox fayda verə bilər"
Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın Belarusdakı səfiri Armen Xaçaturyanla görüşündə deyib ki, Ermənistan və Azərbaycan masa arxasına oturmalı və Dağlıq Qarabağ münaqişəsini vasitəçi olmadan həll etməlidir.
O bildirib ki, bu məsələnin həlli ilə münaqişə tərəfləri məşğul olmalıdır: "Bu bizim, mənim məsələm deyil. Bizim edə biləcəyimiz heç nə yoxdur. Amma Ermənistan prezidenti və ya Ermənistanda, həmçinin, Azərbaycanda mənim mövqeyimi soruşanda, harada olmağımdan asılı olmayaraq, deyirəm ki, insanlar ləyaqətli yaşamağa layiqdirlər. İnanmıram ki, bu gün Dağlıq Qarabağda insanlar yaxşı və layiqincə yaşayırlar. Ona görə də bizim mövqeyimiz bundan ibarətdir ki, Ermənistan və Azərbaycan heç bir vasitəçi olmadan masa arxasına oturmalı, məsələni həll etməlidir. Əgər onlar kimisə zamin kimi görmək istəyirlərsə, özləri qərar verməlidir".
Belarus liderinin sözlərinə görə, insanların həlak olmasından və yoxsulluqdan əziyyət çəkməsindən siyasətdə vasitə kimi yararlanmaq olmaz: "Bu bizim bütün münaqişələrlə bağlı dəyişməz mövqeyimizdir".
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qəzetimizə bildirdi ki, Belarus prezidenti Dağlıq Qarabağ münaqişəsilə bağlı hər zaman obyektiv mövqe tutub: "Buna görə ona xüsusi təşəkkürümü bildirirəm. Dağlıq Qarabağ problemi sübut etdi ki, 1992-ci ildən yaradılan Minsk Qrupu ortaya heç nə qoya bilməyib. Bu bir daha sübut edir ki, orada təmsil olunan ölkələr konfliktin həllini öz monopoliyasında saxlayır. Biz də dəfələrlə həmsədrlərdən imtina etməyə çağırış etmişik. Hətta alternativ variant kimi hər münaqişə tərəfinin özünə yaxın olan bir ölkənin prosesə cəlb edilməsini istəmişik. Yəni danışıqlar onların da vasitəsilə aparıla və yekunda tərəflərin özü prosesə qatılmaqla prosesin sonucuna aid sənədləri imzalaya bilər. Ancaq görünən budur ki, həmsədrlər öz nəticəsiz fəaliyyətini hələ də uzatmaq istəyir. Hesab edirəm ki, tərəflərin konfliktin həllində birbaşa, vasitəçilərsiz iştirakı daha çox fayda verə bilər.
Belarus prezidenti verdiyi bəyanatla eyni zamanda ciddi risq edib. Çünki Rusiya ilə yaxın münasibətləri olan bir ölkənin verdiyi təklif ilk növbədə Moskvanın ürəyincə olmaya bilər".
Məhəmmədəli QƏRİBLİ