Qulu İsmayılov: "Bu razılaşmada daha çox iqtisadi deyil, siyasi çalarlar özünü büruzə verir"
Ermənistan KİV-i İran prezidenti Həsən Ruhaninin Rusiyaya səfəri nəticəsində Putinlə əldə etdiyi bəzi razılaşmaların detallarına dair açıqlamalar verib. Bildirilir ki, İranın Ermənistanla sərhəddində azad iqtisadi zonanın yaradılmasına dair tərəflər arasında razılıq əldə edilib.
Bu əlaqələrin qurulması İranın Avrasiya təşkilatı ilə iqtisadi münasibətlərə malik olmaq istəyilə izah edilir. Həsən Ruhani belə bir müzakirənin aparıldığını təsdiqləyib. Belə bir istək reallaşarsa, bunun Ermənistanın iqtisadi blokadadan çıxmasına nə kimi təsiri olacaq? Hazırkı reallıqlar çərçivəsində bunu İran iqtisadiyyatı üçün nə dərəcədə vacib saymaq olar?
İqtisadçı Qulu İsmayılov qəzetimizə bildirdi ki, İran prezidentinin Moskva səfərində belə bir müzakirənin aparılmasına dair rəsmi məlumat yayılıb: "Maraqlıdır ki, bu razılaşma İranla Ermənistan arasında yaradılacaq azad iqtisadi zona kimi təqdim edilmir. Qeyd edilir ki, İran bununla Avrasiya İttifaqı ilə azad iqtisadi əlaqələr qurmaq istəyir. Bu yayındırıcı bir təqdimatdır. Əslində, Rusiya bununla öz müttəfiqi olan Ermənistanı blokadadan çıxarmaq, onun üçün daha əlverişli şəraitin yaradılmasına nail olmaq istəyir. Çünki həmin azad iqtisadi zonanın yalnız Ermənistana aidiyyəti ola bilər. Hesab edirəm ki, bunun Ermənistanın blokadadan çıxarılmasına elə də ciddi təsiri olmayacaq. Çünki uzun illərdir İran Ermənistan iqtisadiyyatı üçün yeganə nəfəslik rolunu oynayır. İran iqtisadiyyatı üçün isə bunun heç bir faydası yoxdur. Ermənistan elə bir əlverişli məkan deyil ki, ondan tranzit ölkə kimi istifadə edilsin və ya İranın fayda götürə biləcəyi təbii ehtiyatlara malik olsun. Avrasiya Birliyi ilə İranın iqtisadi münasibət qurması başqa marşrutlar üzrə daha əlverişli olar. Çünki həmin ölkənin həmsərhəd olduğu digər ölkələr bunun üçün daha əlverişlidir. Göründüyü kimi, bu razılaşmada daha çox iqtisadi deyil, siyasi çalarlar özünü büruzə verir".
Məhəmmədəli QƏRİBLİ