Hələ də həllini tapmayan Xəzərin hüquqi status problemi bu gün sahilyanı ölkələrin də maraqları ilə ziddiyyət təşkil etməkdədir. İlk növbədə ona görə ki, belə vəziyyət dənizdə sərhədlərin müəyyən olunmasının qarşısını alır, enerji yataqlarının mübahisəli vəziyyətdə qalmasına səbəb olur. Elə bu da sahilyanı ölkələrin siyasi, iqtisadi maraqları ilə ziddiyyət təşkil edir.
Belə vəziyyətdən ən çox əziyyət çəkən ölkələrdən biri isə Azərbaycandır. Ölkəmiz İran və Türkmənistanla ziddiyyətlər səbəbindən bu ölkələrlə dəniz sərhədlərini tam məyyən edə bilməyib. Eyni zamanda sərhəddə olan mübahisəli yataqlar da hələ işlənməmiş qalır. Amma cari il ərzində aparılan müzakirələr göstərir ki, dənizin hüquqi status problemi yaxın tezlikdə həllini tapa bilər.
Qeyd edək ki, statusla bağlı məsələ İran prezidenti Həsən Ruhaninin Rusiya səfəri çərçivəsində də müzakirə olunub. O, rusiyalı həmkarı ilə görüşdə Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması ilə bağlı sənədlərə yenidən baxdıqlarını deyib. Rusiya prezidenti Vladimir Putin də Xəzərin statusu məsələsinə toxunub: "Görüşdə bu il Astanada keçiriləcək Xəzəryanı ölkə başçılarının beşinci sammitində Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın hazırlanmasının tez bir zamanda başa çatdırılmasının məqsədəuyğunluğu qeyd olunub".
Qeyd edək ki, Rusiya və İran prezidentlərinin birgə bəyanatında da Xəzər regionunda əməkdaşlığa dair bənd yer alıb. Bəyanatda qeyd olunub ki, tərəflər Xəzər regionunda sülh, stabillik və təhlükəsizliyin təmin olunması, gəmiçilik, tranzit və çoxmodullu yükdaşımaları, dayanıqlı inkişaf, ətraf mühitin mühafizəsi, su bioresurslarının mühafizəsi və idarəçiliyi, neft çirklənmələrinə qarşı mübarizə, o cümlədən ticarət, turizm və dəniz elmi araşdırmaları sahələrində çoxtərəfli əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsinə tərəfdar olduqlarını bildirib.
Xatırladaq ki, status məsələsi ilə bağlı məsələ Azərbaycan, Rusiya, İran prezidentlərinin ötən ilin avqustunda ölkəmizdə baş tutan görüşlərində imzaladıqları Bakı Bəyannaməsində konkret şəkildə qoyulub. Burada vurğulanır: "Tərəflər Xəzər dənizini sülh, dostluq, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi nəzərdən keçirərək Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tezliklə razılaşdırılması və qəbul edilməsinin vacibliyini qəbul edir". Göründüyü kimi, Azərbaycan, Rusiya və İran Xəzərin statusunun tezliklə müəyyənləşdirilməsində maraqlıdır. Onlar regional təhlükəsizliyi təmin etmək üçün bu faktorun ciddi rol oynadığını qəbul edir. Digər tərəfdən faktdır ki, Xəzərdə həll edilməmiş problem qalarsa, kənar qüvvələr ondan qeyri-müəyyənlik, intriqalar yaratmaq üçün istifadə edə bilər. Buna görə də ən azı geosiyasi maraqları üzündən Rusiya və İranın dənizin status probleminin həlli istiqamətində əməli addımlar atması tamamilə gözləniləndir. Bütün bunlar fonunda ekspertlər istisna etmir ki, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya bu il Astanada keçiriləcək sahilyanı ölkə başçılarının beşinci sammitində razılaşdırılsın. Cari ilin əvvəlində dənizin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun Bakıda baş tutan 48-ci iclasında artıq qeyd olunan xüsusda mühüm razılıqlar əldə olunub. Rusiya prezidentinin MDB ölkələri ilə dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi İqor Bratçikov da işçi qrupun Bakıda keçirilən iclasını müsbət qiymətləndirib: "Danışıqlarda hər zaman çətinliklər mövcuddur. Hər bir ölkə öz mövqeyini irəli sürür və müdafiə edir. Lakin biz ortaq məxrəcə gələ bilirik. Bu çox yaxşı göstəricidir ki, Konvensiya qəbul olunmağa çox yaxındır".
Qeyd edək ki, Bakıda baş tutan danışıqlar prosesi çərçivəsində Konvensiya layihəsi müddəalarının razılaşdırılması, eləcə də Xəzəryanı dövlətlərin müxtəlif sahələrdə əməkdaşlığı üzrə mühüm işlər görülüb. Bu mənada Astana sammitində yekun razılığın əldə olunması da istisna edilmir. İndiyə qədər isə Xəzəryanı ölkələrin dövlət başçılarının dörd zirvə toplantısı Aşqabad, Tehran, Bakı və Həştərxanda baş tutub. Bakı və Həştərxan zirvə toplantılarında, ölkə rəhbərləri sahilyanı dövlətlərin suverenliyi altında olan su məkanlarına daxil olan milli zonanın eni, həmçinin dövlətlərin Xəzərdəki əməkdaşlığının prinsipləri üzrə əhəmiyyətli razılaşmalar əldə edilib. Statusla bağlı Konvensiya layihəsinin bütövlüklə razılaşdırılması isə, ekspertlərə görə, növbəti zirvə toplantısında hüquqi statusun qəbul edilməsinə imkan yaradacaq. Azərbaycan isə Xəzərin orta və cənub hissələrində dəniz dibinin bölünməsi məsələlərinin tezliklə həll edilməsində maraqlıdır. Bu xüsusda təcrübə də var. Belə ki, Xəzər dənizinin dibinin bölünməsi üzrə Azərbaycan, Qazaxıstan və Rusiya arasındakı sazişlər imzalınıb və sərhəd məsələsi həllini tapıb. Digər ölkələrlə də cari il ərzində analoji razılığın əldə olunması gözlənir.
Tahir TAĞIYEV