Məhəmməd Əsədullazadə: "Bu proseslər Ukraynanın şərqində yenidən qarşıdurma ilə nəticələnəcək"
Məlum olduğu kimi, martın 20-dən Qara dənizdə NATO üzvü olan ölkələrin təlimi başlayıb. Təlimlərdə 4 NATO ölkəsi ilə yanaşı, Ukrayna hərbçiləri də iştirak edir. Təlimlərə Ukrayna Hərbi Dəniz Qüvvələrinin "Qeniçesk" tral gəmisi və NATO-nun mina əleyhinə daimi gəmilər qrupu cəlb edilib. Martın 17-də Polşa, İspaniya, Almaniya və Türkiyə hərbi gəmiləri təlimlərdə iştirak etmək üçün Odessaya gəlib.
Bu arada Rusiya sözügedən təlimlərin keçirilməsinə sərt reaksiya verib. ABŞ-a məxsus hərbi gəmilərin Qara dəniz akvatoriyasında patrul aparması Rusiyanın təhlükəsizliyinə potensial təhdiddir. Bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yayıb: "Birləşmiş Ştatlara məxsus gəmilərdə hansı növ raketlərin olduğunu bilmirik. Ona görə həmin gəmilərin Qara dənizdə patrula çıxmasını ciddi təhdid sayırıq".
Rusiya Baş Qərargah İdarəsi Əməliyyat şöbəsinin rəis müavini general-polkovnik Viktor Pozner İsveçrənin Cenevrə şəhərində keçirilən mətbuat konfransında Qara dənizdə olan ABŞ-ın raket əleyhinə müdafiə gəmilərinə potensial olaraq 1.000 "Tomahawk" raketinin yerləşdirildiyini bildirib.
Rusiya tərəfinin yaydığı açıqlamadan o da məlum olub ki, gəmilərin hansı raket qurğuları ilə təmin olunduğu müəyyən olunmadığı üçün, Rusiya hökuməti bundan narahatdır. Eyni zamanda, Rusiya ABŞ-ın qlobal raketdən müdafiə sisteminin dünyada yeni bir silahla təchiz olunmaq yarışının başlanğıcı hesab edir.
Görünən odur ki, sözügedən təlimlər tərəflər arasında müəyyən gərginliyə səbəb olub və bu, Rusiyanı ciddi narahat etməyə başlayıb. Maraqlıdır, ABŞ-la Rusiya arasında yaranan bu vəziyyəti siyasi ekspertlər necə şərh edir? Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə rakursdan yanaşdı: "Rusiyanın Krımı anneksiyasından və Ukraynanın şərqində yeni münaqişə ocaqları yaratmasından sonra bu, Vaşinqton və Moskva arasında "soyuq müharibə"yə səbəb olub. ABŞ Şərqi Avropada müttəfiqlərini Rusiyanın artan aqressiyasından müdafiə etmək üçün şimalda Baltik, cənubda Qara dənizdə öz hərbi imkanlarını genişləndirməkdədir. Krımda Rusiyanın güclü hərbi dəniz donanması var və mümkündür ki, Rusiya Qara dəniz hövzəsində öz hegemonluğunu bərpa etsin. Eyni zamanda, buradan Rumıniya və Bolqarıstana siyasi-hərbi təzyiqlər etsin. Şərqi Avropa ölkələrinin kollektiv müdafiəsi üçün, həmçinin, Qara dənizdə NATO-nun mövqeyinin inkişaf etdirilməsi istiqamətində hərbi təlimlərin keçirilməsi labüddür. Rusiya Baltik dənizində ötən il NATO və ABŞ donanmasına qarşı ciddi təxribatlara yol verib. Məhz bunun əvəzini çıxmaq üçün Qara dənizdə Rusiyaya qarşı cavab verilir. Rusiyanın Qara dənizdə donanmasını inkişaf etdirməsi NATO-nun genişlənmə və regional siyasətinə ciddi təhdid olub. Qeyd etmək lazımdır ki, Rusiya Qara dənizdə Türkiyənin çox ciddi rəqibidir. O üzdən, çalışır ki, Türkiyəni burada sıxışdırsın və dənizi hərbiləşdirsin. Rusiyanın aqressiyasının qarşısın almaq, müttəfiqlərini müdafiə etmək üçün ABŞ-a məxsus "Carter Hall" desant gəmisi Qara dəniz akvatoriyasına daxil olub. ABŞ-ın 6-cı donanmasının gəmiləri ABŞ-Rumıniya ikitərəfli "Spring Storm 17" hərbi təlimlərində iştirak edəcək. "Carter Hall"ın iştirakı ilə təlimlərin əsas mərhələsi Rumıniyanın Konstantsa şəhəri yaxınlığında keçiriləcək. Bu hərbi təlimlər Rusiyanın ciddi narahatlığına səbəb olub. Rusiyanın buna cavab tədbirləri görəcəyi istisna deyil. Amma ABŞ-ın bu siyasəti Qara dəniz akvatoriyasında Rusiyanın hərbi iştirakını zəiflədəcək. Artıq Şərqi Avropada nüfuz uğrunda ciddi qarşıdurma yaşanır. Bu proseslər Ukraynanın şərqində yenidən qarşıdurma ilə nəticələnəcək".
Vidadi ORDAHALLI