Portuqaliya Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir. Bunu Trend və "Azernews"a müsahibəsində Portuqaliyanın Azərbaycandakı səfiri xanım Paula Leal da Silva deyib.
Onun sözlərinə görə, hazırda regionda mövcud olan mürəkkəb geosiyasi vəziyyət Dağlıq Qarabağ münaqişəsinin nəticəsidir.
Səfir, həmçinin münaqişənin həlli yollarının tapılmasında ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəklədiyini vurğulayıb: “Biz inanırıq ki, gələcək danışıqlar münaqişənin uzunmüddətli əsasda sülh yolu ilə həllinə gətirib çıxaracaq”.
“Biz Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətlərinə böyük əhəmiyyət veririk”. Bunu da Portuqaliya səfiri deyib.
Onun sözlərinə görə, Portuqaliya Azərbaycanla yeni saziş üzrə danışıqların başlamasına dair mandatın verilməsinə razılığını artıq təsdiqləyib: "Yeni saziş hazırda mövcüd olan Əməkdaşlıq və Tərəfdaşlıq haqqında razılaşmanı əvəz edəcək. Umid edirəm ki, yeni saziş Azərbaycan - Aİ münasibətlərinə - iqtisadiyyat, ticarət və investisiyalar sahəsindəki əməkdaşlığa yeni töhfə verəcək".