Əli Əliyev: "Biz sosialist lagerinin dağılmasında bu halı müşahidə etdik"
ABŞ prezidenti Donald Trampın Avropa İttifaqının (Aİ) ünvanına səsləndirdiyi tənqidi fikirlər Balkan yarımadasında müharibəyə səbəb ola bilər. Bu barədə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker "Financial Times" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, D.Trampın Böyük Britaniyanın Aİ-dən ayrılması ilə bağlı verdiyi dəstək "təhlükəlidir".
"ABŞ prezidentinin açıqlamalarından məlum olur ki, o, Avropada yaranmış qəliz vəziyyətdən məlumatlı deyil. Mən vitse-prezident Maykl Pensə də bildirdim ki, başqa ölkələrin Avropa İttifaqından çıxmasını dəstəkləmək lazım deyil. Əks halda, İttifaq dağılmaq təhlükəsi ilə üz-üzə qalacaq, Balkan ölkələri olan Bosniya və Herseqovina, Serbiya, Makedoniya, Albaniya arasında isə müharibə başlaya bilər", - deyə o bildirib.
Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerin Avropa Birliyinin dağılacağı təqdirdə Balkanlarda müharibənin başlaya biləcəyini anons etməsi nəyə əsaslana bilər?
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, Yunkerin səsləndirdiyi fikirlərdə tamamilə əsas var: "Bilirsiniz ki, dünya müharibələri əsasən Balkanlardan alovlanmağa başlayıb və bütün bəşəriyyəti bürüyüb. Hazırkı dünyanın "kuratoru" qismində qədim qitə çıxış edir. Bu da Avropa sayılır. Tramp yeni fraqmental düzən təklif edir. Əvvəlki ABŞ prezidentləri isə dünyanın vahid əldə birləşməsini istəyirdilər. Hesab edirəm ki, yeni düzənin formalaşmasında Böyük Britaniya ilə Trampın maraqları üst-üstə düşür. Bir qədər dəqiqləşdirmə aparsaq görərik ki, Britaniyanın AB-dən çıxması ilə bağlı keçirilən referendumla Trampın prezident seçilməsi ardıcıl mərhələlərlə həyata keçirilib. Dünya üçün gözlənilməz olan bu nəticələr tərəflərin bir-birini dəstəklədiyini ortaya qoyur. Təbii ki, belə yeniliklər hamının ürəyincə deyil. Bu da münasibətlərin aydınlaşdırılmasını daha əlverişli və ziddiyyətlərlə dolu olan Balkanlara transfer edə bilər. Necə ki, biz sosialist lagerinin dağılmasında bu halı müşahidə etdik".
Məhəmmədəli QƏRİBLİ