Qabil Hüseynli: "Yeni qətnamədə birmənalı şəkildə vurğulanmalıdır ki, işğalçı Ermənistan qoşunları öz yerlərinə qayıtsın"
Ermənistan KİV-i ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqlandın İrəvanda keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər barədə məlumat yayıb. Hoqland ənənəvi olaraq tərəfləri yenidən danışıq masasına səsləyib.
Ən maraqlısı isə budur ki, Hoqland həmin mətbuat konfransında münaqişənin həllində BMT-nin oynaya biləcəyi roldan danışaraq, maraqlı təkliflər səsləndirib: "ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ konfliktinin nizamlanması ilə bağlı BMT-yə müraciət edə bilər. Bu yaxınlarda BMT-də oldum və oranın rəhbər heyətilə görüşdə Qarabağ problemini təqdim etdim. Onlar bildirdilər ki, bu istiqamətdə müəyyən addımlar ata bilərlər. Hətta prosesə xeyri olacağı təqdirdə yeni bir qətnamənin qəbul edilməsi də mümkündür".
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin yeni bir qətnamə qəbul etməsi mümkündürmü və bu, hansı nəticələrə çıxara bilər?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, belə bir qətnamənin qəbul edilməsi mümkündür: "Ancaq qəbul ediləcək yeni qətnamə, sözün bütün mənalarında, əvvəlki 4 qətnamənin varisi olmalıdır. Yeni qətnamədə birmənalı şəkildə vurğulanmalıdır ki, işğalçı Ermənistan qoşunları öz yerlərinə qayıtsın. Bildiyiniz kimi, əvvəlki qətnamələrdə bu müddəa öz əksini tapıb.
Artıq sübut olunur ki, ATƏT öz vasitəçilik missiyası ilə münaqişəni həll edə bilmir. Bunun üçün də Ermənistana mütləq mənada təzyiqlər edilməlidir. Bu da BMT səviyyəsində mümkündür. Ermənistan yeni qətnaməni icra etməyəcəyi təqdirdə ona qarşı BMT-nin tələbilə sanksiyalar tətbiq oluna bilər. Bu reallaşsa, yaxşı olar".
Məhəmmədəli QƏRİBLİ