Ermənistan üzərində Azərbaycanın birmənalı şəkildə böyük hərbi üstünlüyə malik olması bu gün düşmən ölkənin özündə də açıq şəkildə etiraf olunan faktdır. Ötən zaman isə ölkəmizin hərbi üstünlüyünü daha böyük sürətlə artırır və elə bu səbəbdəndir ki, Ermənistan hər vəchlə hərbi əməliyyatların yenidən başlanmasının qarşısını hamilərinin köməyilə almağa çalışır. Amma Azərbaycan tərəfi də ən yüksək səviyyədə bəyan edib ki, beynəlxalq hüquq normalarına uyğun olaraq ərazilərinin işğaldan güc yolu ilə azad edilməsi hüququnu özündə saxlayır və təcavüz faktına son qoyulması üçün müharibənin hər an başlanması istisna deyil.
Hadisələrin bu səpkidə inkişafından daha çox narahat olmağa başlayan Ermənistan rəhbərliyi indi müxtəlif bleflərə əl atır. Məsələn, Azərbaycanın işğal altında olan ərazilərinə növbəti dəfə qanunsuz səfər edən Ermənistan prezidenti Serj Sarkisyan bildirib ki, lazım gələrsə, Ermənistan Silahlı Qüvvələrinə tərəddüd etmədən Azərbaycana qarşı "İsgəndər" raket kompleksindən istifadəyə icazə verəcək. Amma bunun əslində quru cəfəngiyatdan başqa bir şey olmadığını indi Ermənistanın özündə də açıq bəyan edirlər. Əvvəla ona görə ki, həmin raketlərin idarəçiliyi heç də Ermənistanın əlində deyil. İkincisi, istifadə olunsa belə, hədəfə çatmadan raketlərin elə səmada, hətta start nöqtəsində məhv edilməsi üçün Azərbaycan ən müasir hərbi texnikaya malikdir. Üçüncüsü, belə vəziyyət Ermənistanın özündə konkret məntəqələrin Azərbaycan ordusunun hədəfi halına gəlməsi anlamına gəlir. Artıq Azərbaycan Müdafiə Nazirliyi bu xüsusda yeni xəbərdarlıqla da çıxış edib: "Düşmən tərəf anlamalıdır ki, Azərbaycanın işğal edilmiş əraziləri, o cümlədən Ermənistanda yerləşən bütün hərbi təyinatlı və digər strateji əhəmiyyətli obyektlər ordumuzun son illər ərzində əldə etdiyi ən müasir raket və artilleriya qurğularının daim hədəfindədir. Ermənistan tərəfindən yarana biləcək istənilən təhdid və hədələrin qarşısı dərhal və qətiyyətlə alınacaq. Görüləcək cəza tədbirləri nəticəsində Ermənistanın məruz qalacağı irimiqyaslı itkilər və dağıntılar qaçılmaz olacaq, onun üçün faciəvi və bərpası mümkün olmayan fəsadlara gətirib çıxaracaq. Odur ki, Ermənistanın rəhbərliyi belə məsuliyyətsiz bəyanatlar verməzdən əvvəl əhalisinin aqibətini düşünməlidir".
Yuxarıda qeyd olunduğu kimi, Serj Sarkisyanın raket hədələri Ermənistanın özündə belə gülüş hədəfidir. Erməni parlamentində müxalifəti təmisl edən deputat Nikol Paşinyan bu xüsusda maraqlı fikirlər səsləndirərək, Sarkisyanın sadəcə sərsəmlədiyini vurğulayıb. Onun sözlərinə görə, prezidentin hakim partiyanı Ermənistanın təhlükəsizliyinin təminatı adlandırması və ali baş komandan kimi "lazım gəlsə gözünü belə qırpmadan" Azərbaycana qarşı "İsgəndər" raketlərini tətbiq edəcəyi haqda dedikləri quru blefdir və hazırda Sarkisyanın özü Ermənistan üçün ən başlıca təhdiddir: "İsgəndər" raketləri nə qədər müasir texnika olsa da, ötən əsrin 80-ci illərinin işə düşməyən tankları ilə birlikdə vahid təhlükəsizlik sistemi ola bilməz. Bu ona bənzəyir ki, kimsə 80-ci illərin sovet televizoru olan "Rekord"u "Panasonic"in məsafədən idarə etmə pultu ilə işə salmağa çalışır. Serj Sarkisyan Ermənistanın milli təhlükəsizliyini iflasa uğradıb və xalq onun təhlükəsizlik sahəsində xidmətlərindən imtina etməlidir".
Digər tərəfdən Ermənistanda hələ də məntiqlə düşünənlər yaxşı bilir ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin təchiz edildiyi yüksək dəqiqliyə və çox böyük məhvetmə gücünə malik müasir silahları, döyüş və nəqliyyat helikopterləri, təyyarələri, hava hücumuna qarşı ən müasir qurğuları, zirehli maşınları, tankları, artilleriya qurğuları və digər silahları var. Həmin silahların istifadəsi Ermənistandan gələn istənilən təhlükənin qarşısını almaqla bərabər, həm də bu ölkənin altını üstünə çevirmək iqtidarındadır. Təkcə onu vurğulayaq ki, Naxçıvanda yerləşdirilmiş çoxfunksiyalı "Smerç" raket sistemləri düşmən ərazisindəki istənilən hədəfi məhv etməyə qadirdir. Onu da xatırladaq ki, 70-90 kilometrlik məsafədə hədəfi vurmaq qabiliyyətinə malik "Smerç"lərin Naxçıvanda saxlanması təsadüf deyil. Çünki Naxçıvanla İrəvanın arası cəmi 80 kilometrdir və bir "Smerç" sistemi ilə hansısa şəhəri yer üzündən silmək mümkündür.
Digər tərəfdən Azərbaycan əldə etdiyi hava hücumundan müdafiə sistemləri ilə "İsgəndər"ləri tam neytrallaşdırmaq gücündədir. Ölkəmizin İsraildən "Dəmir günbəz" və "Barak-8" raketdən müdafiə sistemləri alması da bunun təsdiqidir. Azərbaycanın ötən il təlimlərdə istifadə etdiyi "Barak-8" kompleksi bu xüsusda özünü tam doğruldur. Məlumat üçün bildirək ki, bu kompleksləri İsrailin "Rafael" və İAİ hərbi-sənaye şirkətləri birgə istehsal edir. "Barak-8"in buraxılış qurğusu 8 raketlə və nəqliyyat-buraxılış konteyneri, radiolokasiya stansiyaları ilə təchiz olunub. Bu, dünyada ən mükəmməl hava və raket hücumundan müdafiə kompleksi hesab edilir. Sözügedən raketlərin əsas özəlliyi onun, mürəkkəb döyüş şəraitində belə, bir neçə hədəfi eyni anda vurmasındadır. Bu hədəflər səsdən iti və səs sürətinə yaxın uçan qanadlı raketlər, hədsiz aşağıdan uçan ballistik və kvaziballistik raketlər, operativ-taktiki raketlər, təyyarələr, vertolyotlar, idarəolunan bombalar və digərlərindən ibarət ola bilər. Raket buraxılandan sonra inersial naviqasiya sistemindən istifadə edir, hədəfə yaxınlaşanda isə raketi hədəfə yönləndirən aktiv radilokasiya sistemi işə düşür. Raketi havada başqa hədəfə yönləndirmək və trayektoriyasını dəyişmək də mümkündür. Azərbaycanın bu raket komplekslərinin döyüş atışlarını nümayiş etdirməsindən sonra düşmən ölkədə etiraf olunur ki, artıq Ermənistanın Rusiyadan aldığı "İsgəndər" operativ-taktiki raketləri hansısa işə yaramayacaq.
Bundan əlavə, təcrübədə özünü kifayət qədər doğruldan "Dəmir Günbəz" raketdən müdafiə kompleksi də "İsgəndər"lərin Azərbaycan üçün yaratdığı təhdidləri aradan qaldırmağa imkan verir. Azərbaycanın İsraildən aldığı "Arrow-3" raket hücumundan müdafiə sistemi də etibarlı müdafiənin təşkilində mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, Azərbaycan hələ 2012-ci ildə İsraildən "Arrow-3" müdafiə sistemini və bu sistemin tərkib hissəsi olan "Green Pine" radar kompleksini alıb. Bu silahlar Azərbaycan ərazisini "yer-yer" tipli istənilən raketlərin hücumlarından qorumağa yüz faiz qadirdir. Bu da o deməkdir ki, onlar "İsgəndər" raketlərini də zərərsizləşdirmək iqtidarındadır. Onu da xüsusi vurğulamaq lazım gəlir ki, "Arrow-3" raketdən müdafiə sistemi dünyada "yer-yer" tipli istənilən raketləri zərərsizləşdirə bilən yeganə sistemdir. Sistemin tərkibinə daxil olan radar kompleksi "yer-yer" tipli raketləri hələ çox uzaqda ikən, onların start nöqtəsindən qeydə alır və eyni vaxtda izləməklə yanaşı, "Arrow-3" raketlərini hədəfə buraxır. Raketlər hədəfi ən yüksək məsafədə yüz faiz dəqiqliklə zərərsizləşdirir. "Green Pine" radarı ballistik raketləri keçdiyi bütün yolboyu izləyir. Radar, həmçinin, eyni vaxtda çox sayda raketi izləyərək onların uçuş trayektoriyası barədə idarəetmə mərkəzinə xəbərdarlıq göndərmək qabiliyyətinə malikdir. Ballistik raketlər ölkəyə doğru yönələrsə, radar avtomatik olaraq hər bir raketin təhlükəlilik dərəcəsinin çoxfunksiyalı qiymətləndirməsini aparır və özü hansı ardıcıllıqla raketləri vuracağını hesablayır. Xatırladaq ki, "Arrow" layihəsi 1998-ci ildə ABŞ-ın maliyyə yardımı ilə İsrail tərəfindən başladılıb və 2010-cu ildə hazırlanmış sistem bütün sınaqları keçərək İsrail ordusuna daxil edilib. Azərbaycan İsraildən sonra bu raketdən müdafiə sisteminə malik olan ikinci ölkədir.
Qeyd edilənlərdən əlavə olaraq o da bəllidir ki, ordumuzun ixtiyarında S-300 PMU "Favorit" zenit-raket kompleksləri də mövcuddur və onlar da istənilən hava təhdidinə qarşı effektiv mübarizə vasitələri hesab olunur. Azərbaycan Rusiya istehsalı olan "Buk-M", "Osa" və digər zenit-raket sistemlərinə də malikdir. Döyüş sınaqlarında həmin raketlər də özünü tam şəkildə doğruldub. Bütün bunlar bir daha göstərir ki, Ermənistanın malik olduğu "İsgəndər"lər, eləcə də dünyanın əksər ordularında istismardan çıxarılan "Skad"lar birmənalı şəkildə ölkəmizin müdafiə sistemini yarıb keçmək iqtidarında deyil. Əksinə, həmin raketlərdən istifadəyə cəhd Ermənistanın özünü açıq hədəfə gətirir.
Qeyd edildiyi kimi, Azərbaycan ilk növbədə "Smerç" sistemləri ilə Ermənistanda istənilən hədəfi darmadağın edə bilər. Amma Azərbaycan Ermənistanda nəzərdə tutulan obyektlərin məhvinə imkan verən digər silahların əldə olunması istiqamətində də fəal iş aparır. Məsələn, məlumdur ki, ölkəmiz Pakistandan uzaq məsafədə hədəfi məhv etməyə imkan verən yeni raket sistemləri almaq niyyətindədir. Bu xüsusda "The Nation" nəşri Pakistanın hərbi-siyasi dairələrinə istinadla maraqlı məlumatlar da yayıb. Bildirilir ki, son dövrlərdə Azərbaycanın hərbi sahədə Pakistanla təmasları sürətlənib. Qeyd olunur ki, bu fonda Azərbaycanla Pakistan arasında son vaxtlar keçirilən danışıqlarda əsas diqqət silah alqı-satqısına yönəlib. Yaranmış durumda Bakı həm də Pakistanın qabaqcıl hərbi sənayesinin imkanlarından istifadə etmək və birgə müəssisələr yaratmaq istəyir. Nəşr xatırladır ki, artıq Pakistan Azərbaycanda əl qumbaraatanlarının istehsalına dair birgə müəssisə yaratmağa hazırlaşır. Bunu Pakistanın "Global Industrial & Defense Solutions" şirkətinin baş direktoru, istefada olan general-mayor Tarik Cavad da təsdiq edib.
Bununla belə, Pakistanın marağı həm də Azərbaycana birbaşa silah satışına nail olmağadır. Əsas diqqət Pakistan-Çin istehsalı olan JF-17 qırıcılarının Azərbaycana satışına yönəlib. Bununla belə, nəşr qeyd edir ki, Bakı özünün əsas diqqətini ballistik raketlərin və ya hücum silahlarının alınmasına yönəldib. Bura Pakistan istehsalı olan orta mənzilli "Şahin" ballistik raketləri də daxildir. Qəzet yazır ki, Hindistanla qarşıdurmada Pakistanın əlində əsas çəkindirici elementlərdən olan "Şahin" ballistik raketlərinin radiusu 500-600 kilometrdən 2300 kilometrə qədər dəyişir. Raketlər 700-1230 kiloqram ağırlığında müxtəlif modifikasiyalı döyüş başlıqları daşıya bilir. Düşmənin hava hücumundan müdafiə sistemini dəf etmək üçün raketlərin döyüş başlığı hədəfə yaxınlaşanda əsas blokdan ayrılır. Bu raketlərin əldə olunması ilə Azərbaycan hərbçiləri ölkəmizin istənilən ərazisindən, hətta Bakıdan belə Ermənistanda istənilən hədəfi məhv etmək imkanı qazanacaq. Bütün bunları Ermənistanda da yaxşı bildiklərindən, onlar üçün hərbi müstəvidə Azərbaycanla üz-üzə gəlmək indi olduqca böyük dəhşət sayılır.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.