"Ermənistan və Azərbaycan münaqişəni vasitəçi olmadan həll etməlidir"
Belarus Prezidenti Aleksandr Lukaşenko bloqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası barədə danışıb. Trend-in məlumatına görə, A.Lukaşenko Ermənistanın bu məsələ ilə bağlı heç bir əlaqəsi olmadığını deyib.
O, bu fikirlərini Ermənistanın Belarusdakı səfiri Armen Xaçaturyanla görüşü zamanı səsləndirib. “Ermənistanın bu işlə nə əlaqəsi var? Heç Ermənistan mənə A.Lapşinlə bağlı heç nə deməyib. Lapşin bir ölkə - Azərbaycan tərəfindən axtarışa verilmişdi”.
Aleksandr Lukaşenko əlavə edib: “İnterpol bilirdi. Biz məlumat vermişdik. Bəs kimə təhvil verməli idik? Hansı ölkə onu axtarışa vermişdisə, ona da təhvil verdik. Ümumiyyətlə, sizə ilk dəfə belə bir söz açıqlayım ki, onu heç kəs təhvil almaq istəmirdi. O, 3 ölkənin vətəndaşı idi – amma həmin ölkələrdən heç biri onu istəmirdi”.
“Ermənistan və Azərbaycan masa arxasına oturmalı və Dağlıq Qarabağ münaqişəsini vasitəçi olmadan həll etməlidir”. APA-nın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bunu da Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın Belarusdakı səfiri Armen Xaçatryanla görüşündə deyib.
O bildirib ki, bu məsələnin həlli ilə münaqişə tərəfləri məşğul olmalıdır: “Bu bizim, mənim məsələm deyil. Bizim edə biləcəyimiz heç nə yoxdur. Amma Ermənistan prezidenti və ya Ermənistanda, həmçinin Azərbaycanda mənim mövqeyimi soruşanda, harada olmağımdan asılı olmayaraq deyirəm ki, insanlar ləyaqətli yaşamağa layiqdirlər. İnanmıram ki, bu gün Dağlıq Qarabağda insanlar yaxşı və layiqincə yaşayırlar. Ona görə də bizim mövqeyimiz bundan ibarətdir ki, Ermənistan və Azərbaycan heç bir vasitəçi olmadan masa arxasına oturmalı, məsələni həll etməlidir. Əgər onlar kimisə zamin kimi görmək istəyirlərsə, özləri qərar verməlidir”.
Belarus liderinin sözlərinə görə, insanların həlak olmasından və yoxsulluqdan əziyyət çəkməsindən siyasətdə vasitə kimi yararlanmaq olmaz: "Bu bizim bütün münaqişələrlə bağlı dəyişməz mövqeyimizdir".