"Çünki məhz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə onlar tərəfindən icra olunmur"
Martın 17-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşlə görüşüb. Erməni KİV-nin verdiyi məlumata görə, görüşdə tərəflər regional və beynəlxalq məsələlərə toxunub.
Onlar Yaxın Şərqdə miqrasiya axınları ilə bağlı problemləri, qaçqınların vəziyyətini də müzakirə edib. A.Quterreş qaçqınlara sığınacaq verilməsi, həmçinin, digər məsələlərlə bağlı Ermənistanın səylərini yüksək qiymətləndirib .
Görüşdə, həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub. Erməni nazir Qarabağ münaqişəsinin həlli ilə bağlı Vyana və Sankt-Peterburq sammitlərinin nəticələrini dəstəklədiklərini vurğulayıb.
A.Quterreş deyib ki, BMT ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması istiqamətində səylərinə dəstək verməyə hazırdır.
Maraqlıdır ki, BMT baş katibi erməni nazirə Ermənistanın Azərbaycan torpaqlarından çıxmasını tələb edən dörd qətnaməsinin niyə icra edilmədiyi və ya icra olunmalı oduğu barədə heç nə deməyib, ya da dediyi barədə heç bir məlumat verilmir. Üstəlik, guya Ermənistanın BMT çərçivəsində fəaliyyətinin guya təqdir edildiyi barədə ermənipərəst xəbərlərə də heç bir reaksiya verilmir.
BMT baş katibinin Ermənistana verdiyi qiyməti necə dəyərləndirmək olar?
Ekspert Elşən Mustafayev qəzetimizə bildirdi ki, BMT kimi nüfuzlu bir qurumun rəhbərinin işğalçı ölkəyə bu şəkildə dəyər verməsi doğru deyil: "BMT-nin baş katibi yeni seçilib. Onun bəzi ölkələrin rəsmilərilə təmas qurmaq istəməsi normaldır. Ancaq həssaslıq tələb edən mövzularla bağlı daha diqqətli olmalıdır. Ermənistan məhz BMT səviyyəsində kəskin tənqid edilməlidir. Yeni baş katib işğalçı bir ölkəni tərifləməklə təmsil etdiyi qurumu hörmətdən salır. Çünki məhz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə onlar tərəfindən icra olunmur. Həmin qətnamələrdə Ermənistandan işğal etdiyi ərazilərdən çıxmaq tələb edilir. 25 ildir həmin ölkə özbaşınalığını davam etdirir. Hesab edirəm ki, BMT-nin yeni baş katibi buraxdığı səhvin fərqində olmalı və növbəti addımlarında Ermənistana layiq olduğu qiyməti verməlidir".
Məhəmmədəli QƏRİBLİ