Ermənistanda aprelin 2-də keçriləcək parlament seçkilərinə az müddət qaldığı bir vaxtda Dağlıq Qarabağ münaqişəsi daha çox ön plana çıxmağa başlayır. Buna əsas səbəb əsasən müxalif cəbhədə yer alan siyasi qüvvələrin münaqişənin ərazilərin işğaldan azad olunması çərçivəsində həllinin vacibliyini konkret təklif kimi ortaya qoymasıdır. Onlar açıq bəyan edirlər ki, Ermənistanın gələcək inkişafı bu amildən əhəmiyyətli dərəcədə asılıdır və yaxın tezlikdə Qarabağ konfliktinin həlli istiqamətində lazımi addımlar atılmasa, Ermənistanın bir dövlət olaraq varlığını davam etdirə bilməsi ciddi şəkildə sual altına düşəcək.
Hazırda qeyd olunan məsələni daha qabarıq şəkildə gündəmə gətirən əsas qüvvə qismində keçmiş prezident Levon Ter-Petrosyanın rəhbəri olduğu "Ermənistan Milli Konqres-Ermənistan Xalq Partiyası" bloku çıxış edir. Məsələnin maraqlı tərəfi isə odur ki, ölkə cəmiyyətində Levon Ter-Petrosyanın bu istiqamətdə etdiyi çağrışlara dəstək verənlərin sayında da sürətli artım qeydə alınır. Məhz bu şəraitdə onun parlament seçkiləri vasitəsilə hakimiyyətə gəlmək şansları da əhəmiyyətli dərəcədə artır. Bunu erməni politoloq Aleksandr İsgəndəryan da təsdiq edir. Onun sözlərinə görə, Levon Ter-Petrosyan ərazilərin qaytarılması, Qarabağ münaqişəsinin həlli məsələsini gündəmə gətirərək hakimiyyətə gəlmək istəyir: "Ermənistanda müharibənin olmamasını, münaqişəsinin həllini istəyən təbəqələr var. Petrosyan da həmin təbəqənin dəstəyini əldə etmək üçün ərazilərin qaytarılması ideyasını irəli sürür. Əslində, bu ideya hələ 1990-cı illərin sonlarında onun tərəfindən irəli sürülmüşdü. İndi görünür, cəmiyyətdə bu ideyanı dəstəkləyənlərin sayı çoxalıb. Petrosyan da bu ideya üzərindən çıxış edərək hakimiyyətə gəlməyi planlaşdırır".
Dağlıq Qarabağ münaqişəsinin təcili həllinin vacibliyini gündəmə gətirən Petrosyanın əsas mövqeyi budur ki, nə qədər gec deyil, Ermənistanın inkişafı üçün münaqişə həll edilməlidir. Ermənistan mediasının məlumatına görə, Petrosyan seçki kampaniyası çərçivəsində çıxışı zamanı bir daha bildirib ki, ölkənin gələcək inkişafı üçün münaqişə Azərbaycanın razılıq verdiyi "Madrid prinsipləri" çərçivəsində həll edilməlidir: "Geciksək, nəticə bizim üçün daha pis olacaq". Ermənistanın İctimai televiziyasına verdiyi müsahibədə Petrosyan yenidən bu istiqamətdə olduqca maraqlı fikirlər səsləndirib: "Kim deyir ki, Qarabağ məsələsi həll olunmur? Birbaşa danışıqlar elə onun üçündür ki, tərəflər onları özləri üçün daha sərfəli şəkildə etməyə çalışır və bunun üçün mübarizə aparırlar. Lakin əvvəlcə fikir ayrılıqları xeyli çox idi, indi isə onların sayı bir-iki məsələ ilə məhdudlaşır. İndi Ermənistanda xalq hakimiyyətdən Qarabağ probleminin həllini tələb etməlidir". Onun sözlərinə görə, hakimiyyəti xalq seçib: "İndi bu xalq yalnız bir şeyi tələb etməlidir: bu problemi həll edin- bizim bədbəxtliklərimizə, bizim əzablarımıza, sərhədlərdə bizim uşaqlarımızın gündəlik həlak olmasına son qoyun. Ermənistan xalqı öz hakimiyyətini barışığa getməyə məcbur etməlidir. Və mən bu ideyanın, belə demək olarsa, ən fanatik məddahıyam. Bu edilməyəcəksə, heç bir həll olmayacaq.
İndi danışarkən nə deyirlər? Deyirlər ki, qoy əvvəlcə Azərbaycan Qarabağın müstəqilliyini tanısın, biz ərazini sonra qaytaracağıq. Bunu necə siyasi düşüncə hesab etmək olar? Serj Sarkisyan gedib deyə bilər ki, "cənab Putin, cənab Tramp, cənab Olland, mən tələb edirəm?.. ". Ona sadəcə gülərlər".
Levon Ter-Petrosyanın fikrincə, 1988-ci ildən bəri Qarabağ qədər əhəmiyyətli məsələ yoxdur və bu məsələ səsvermə vaxtı seçicilər üçün də həlledici olmalıdır. Hazırda danışıqlar masası üzərindəki sənədlərdə bəhs olunan və Azərbaycan tərəfinə ediləcək güzəştlər haqda danışarkən Petrosyan qeyd edib ki, Ermənistan Dağlıq Qarabağın nəzarət altında olan rayonlarını "azad edilmiş", "tarixi", "müqəddəs" və sair adlandıra bilər, amma beynəlxalq ictimaiyyət onları işğal edilmiş hesab edir: "Biz bu əraziləri Azərbaycana yox, beynəlxalq instansiyalara veririk, biz BMT-nin və ATƏT-in tələblərini yerinə yetirməliyik". Siyasətçi xatırladıb ki, Azərbaycan əvvəlcə Dağlıq Qarabağda ümumiyyətlə muxtariyyətin mövcudluğuna qarşı idi. Lakin indi Bakı bunu mümkün sayır və Petrosyana görə, Qarabağa muxtariyyətin verilməsi Azərbaycanın böyük güzəştidir. Ter-Petrosyanın mövqeyinə görə, indiki proseslər güman etməyə əsas verir ki, münaqişənin nizama salınmasına ən yaxın vaxtda nail olmaq mümkün olacaq. Lakin bunun üçün o, rəsmi İrəvanın əhəmiyyətli addımlar atmasını vacib sayır. Xatırladaq ki, Petrosyan ötən ilin dekabrında keçirilən partiyasının qurultayında ərazilərin qaytarılması və münaqişənin təcili həll edilməsi ideyasını gündəmə gətirmişdi.
"Ermənistan Milli Konqresi"nin nümayəndəsi Levon Zurabyan isə artıq Qarabağda sülh və ölkədə korrupsiya ilə mübarizə proqramı hazırladıqlarını bildirib. O qeyd edib ki, seçkidə qalib gələrək yeni hökuməti formalaşdırmaq imkanına nail olsalar, "Madrid prinsipləri" çərçivəsində Qarabağda sülh sazişinin imzalanmasını həyata keçirəcəklər.
Nəzərə alaq ki, indiki şəraitdə Ermənistan cəmiyyətində ərazilərin Azərbaycana qaytarılması və münaqişənin sülh yolu ilə həll edilməsi ideyasını əksəriyyət dəstəkləyir. Xüsusilə övladlarının Qarabağda ölməsini istəməyən erməni vətəndaşlar Petrosyanın ətrafında birləşiblər. "Lragir" saytı da yazır ki, övladlarının Qarabağda ölməsini istəməyən valideynlər Levon Ter-Petrosyanı dəstəkləyir: "Petrosyan hələ ötən ilin dekabrında bəyan etmişdi ki, Qarabağı qaytarmalı və sülh bağlamalıyıq. Daha sonra Petrosyan seçkilərə "Qarabağda sülh" şüarı ilə getdiklərini açıqladı. Onun bu mövqeyi təsadüfi deyil və Ermənistan əhalisinin əksəriyyətinin mövqeyini nümayiş etdirir. Ermənistanda heç bir valideyn oğlunu döyüşə göndərmək istəmir. "Ermənistan Milli Konqresi" bu ictimai əhval-ruhiyyəni əvvəlcədən öyrəndi və məhz kifayət qədər çoxluq təşkil edən həmin elektoratın səsini almaq üçün Qarabağın qaytarılması, sülhün əldə edilməsi və "sülh olarsa, sizin övladlarınız da ölməyəcək" kimi təkliflərlə çıxış etdi. İstisna deyil ki, övladını Qarabağda döyüşə göndərmək istəməyən valideynlər bu təkliflərə səs verəcək". Bütün bunlar bir daha təsdiq edir ki, erməni əhalisinin böyük əksəriyyəti Qarabağ münaqişəsinin davam etməsini istəmir. Əksinə, onlar Azərbaycan torpaqlarının qaytarılmasını tələb edirlər ki, övladları Sarkisyan rejiminin Qarabağ maraqlarına, hakimiyyətdə qalmaq niyyətinə qurban getməsin. Elə bu da Ermənistanda parlament seçkiləri vasitəsilə hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə iqtidara gələn yeni qüvvələrin Qarabağ konfliktinin həlli istiqamətində əməli addımlar atmasını istisna etmir. Çünki bu tələb artıq erməni cəmiyyətindən gəlir. Digər tərəfdən son dövrlərdə cəbhədə erməni tərəfinin itkilərinin sayının yenidən artmağa başlaması da Qarabağ tələbinin daha sərt formada qoyulmasına gətirib çıxarır. Bu xüsusda son dövrlərdə diqqət mərkəzində olan məqamlardan biri də martın 1-dən 13-nə qədər olan dövrdə cəbhə xəttində həlak olmuş 8 erməni hərbçi ilə bağlıdır. Onların adını açıqlamayan Ermənistan Müdafiə Nazirliyinin bunu parlament seçkilərindən sonra edəcəyi gözlənir. Çünki hakimiyyət yaxşı bilir ki, indiki vəziyyətdə onların adlarının açıqlanması və ümumiyyətlə itkilərin etiraf edilməsi Qarabağ münaqiqəşəsinin daha sürətlə Serj Sarkisyan iqtidarının əleyhinə işləməsinə gətirib çıxaracaq. Bu isə parlament seçkilərində müxalifət üçün əlavə şans, hakimiyyət üçün isə yeni itkilər deməkdir. Onu da qeyd edək ki, göstərilən dövrdə öldürülən erməni hərbçilər mənzil-qərargahı Hadrut şəhərində yerləşən 1, 2, 4, 5 və 18-ci motoatıcı diviziyanın zabit və sıraviləridir. Belə ki, martın 6-da Füzuli rayonunun işğal edilmiş Aşağı Əbdürəhmanlı kəndi yaxınlığında erməni tərəfi iki döyüşçüsünü, martın 9-da səhər Lələtəpə yüksəkliyi tərəfdə bir döyüşçüsünü, həmin günün axşamı Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında bir döyüşçüsünü, martın 11-də Xocavənd rayonu ərazisində bir döyüşçüsünü, martın 12-də günortadan sonra Lələtəpə yüksəkliyi tərəfdə bir döyüşçüsünü və Aşağı Əbdürəhmanlı kəndi yaxınlığında bir döyüşçüsünü, martın 13-də isə səhər Ağdam rayonunun Qarakənd kəndi yaxınlığında daha bir döyüşçüsünü itirib. Çoxsaylı itkilər üzündən psixoloji gərginliyi aradan qaldırmaq üçün Ermənistan Müdafiə Nazirliyi bir qrup Qarabağ müharibəsi veteranını Lələtəpə və Aşağı Əbdürəhmanlı kəndi yaxınlığındakı mövqelərə ezam edib. Lakin bu da vəziyyəti dəyişmir və artan itkilər fonunda Sarkisyana qarşı etirazlar daha da artır. İqtidar isə bütün bunlardan yaxa qurtarmaq üçün itkiləri gizlətməyə, döyüşlər barədə məlumatların yayılmasını qadağan etməyə çalışır. Amma müxalif qüvvələr də yaranan vəziyyətdən səmərəli faydalanaraq Qarabağ münaqişəsinin davamının Ermənistana hansı böyük fəlakətlər gətirdiyini belə itkilər əsasında açıq şəkildə göstərirlər. Onlar, bununla yanaşı, konfliktin davamının Ermənistana iqisadi müstəvidə də bundan sonra böyük zərbələr vuracağını xüsusi olaraq diqqət mərkəzinə gətirir və bunun beynəlxalq miqyasda da etiraf edildiyini bəyan edirlər. Yeri gəlmişkən qeyd edək ki, məşhur "Ceymstaun" Fondu da bu xüsusda maraqlı məqamlara diqqət yetirib. Qurumun saytında dərc olunmuş məqalədə də bildirilir ki, Qarabağ münaqiəşsinin davam etməsi Ermənistana iqtisadi zərbələr vurmaqda davam edir: "Cənub Qaz Dəhlizi", eləcə də Bakı-Tiflis-Qars dəmiryolu kimi strateji layihələr Cənubi Qafqaz ölkələrinin qlobal tədarük zəncirində iştirak potensialını artırır. Ermənistanda bu cür imkanlardan yararlanmanın qarşısını alan amillər olaraq isə Azərbaycanla münaqişənin uzanması və ölkənin Rusiyadan kolonial asılılığının olması barədə düşüncələr artır...
Hələ bu il fevralın 25-i Avropada ən uzun münaqişə olan Dağlıq Qarabağda silahlı toqquşmalar bərpa olundu. Burada şübhəli məqam o idi ki, toqquşmalar Xocalı hadisələrinin 25-ci ildönümü ərəfəsində qeydə alındı. Fevral toqquşmalarına bir neçə gün qalmış Bakıda "Cənub Qaz dəhlizi" Məşvərət Şurası nazirlərinin iclası keçirilib. Tədbirdə təkcə "Cənub Qaz Dəhlizi"nə daxil olan ölkələrin nümayəndələri yox, həm də Avropa İttifaqının və Böyük Britaniyanın nümayəndələri iştirak edib. Bakı hazırda Qərb ölkələrinə yönəlmiş nəqliyyat şəbəkələrində daha fəal iştirak edir". Qeyd olunur ki, belə nəqliyyat şəbəkələrindən Ermənistan məhz Qarabağ münaqişəsinə görə kənarda qalır. Bu da, öz növbəsində, Ermənistanın regiondakı iqtisadi inkişafdan istifadə etməsinə imkan vermir. Belə hal isə onsuz da ağır iqtisadi vəziyyətdə olan bu ölkədə ümumi durumu daha da pisləşdirir.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.