Aydın Mirzəzadə: "Ölkəmiz neft-qaz ehtiyatları ilə deyil, özünün işgüzarlığı, səmərəli iqtisadiyyatını qura bilməsi və..."
Dünya siyasətində müşahidə edilən bir sıra proseslər rəsmi İrəvanı xeyli çətinliyə salıb. Son günlər erməni mətbuatı həmin hadisələrə reaksiyanı ifadə edən yazılar dərc edir. Hiss olunur ki, orada siyasi-ideoloji təfəkkürdə durğunluq davam edir və heç bir yeniləşmə yoxdur. Böyük geosiyasi güclərin atdıqları addımları birtərəfli və yanlış kontekstdə təqdim etməyə çalışan erməni ekspertlər Ermənistanın regiondakı rolu barədə də absurd tezislər irəli sürür.
Bu zaman onlar bölgənin İran, Türkiyə və Rusiya kimi böyük dövlətlərinin xarici siyasətini təhrif edir. Ayrıca, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi müstəqil xarici siyasət kursuna ləkə salmağa cəhd göstərirlər. Görünən odur ki, Ermənistan faktiki olaraq region üçün risq mənbəyinə çevrilib. Uzun müddət keçməsinə baxmayaraq, bu ölkədə analitik və siyasi təfəkkürün inersiya vəziyyətindən çıxa bilməməsi təəccüb doğurur.
Ermənistan KİV-də dərc edilən yazılara nəzər saldıqda, bu istiqamətdə ermənilərin hansısa irəliləyiş əldə etdiyini görmək mümkün deyil. Yenə məzmunca eyni, formaca fərqli köhnə tezislər dövriyyəyə buraxılır. Bu arada Ermənistan mətbuatı Azərbaycanla bağlı "ənənəsinə" sadiq qalaraq, növbəti uydurmalarla çıxış etməyə başlayıb. Ermənistan mətbuatının iddialarına görə, guya 2020-ci ildə Azərbaycanda ikinci iqtisadi böhran başlayacaq. Bunu onunla əsaslandırmağa çalışırlar ki, guya həmin ilə qədər neft-qaz ehtiyatları tükənəcək və bu da iqtisadi böhrana gətirib çıxaracaq. Halbuki, Azərbaycan iqtisadiyyatın neftdən asılılığını minimuma endirmək və qeyri-neft sektorunun inkişafı üçün ciddi işlər həyata keçirir.
Məsələyə münasibət bildirən millət vəkili, politoloq Aydın Mirzəzadənin sözlərinə görə, bu cür fikirlərin heç bir əsası yoxdur: "Ermənistan hakimiyyəti və o cümlədən mətbuatı uydurduqları bəhanələrlə özlərini sakitləşdirməyə çalışır. Azərbaycan və Ermənistan dövlətçiliklərinin müqayisəsində rəsmi İrəvan ciddi surətdə uduzur. Hər hansı bir iqtisadi inkişafdan, sosial müdafiə olunmuş cəmiyyətin qurulmasından, beynəlxalq aləmdə nüfuzdan danışmağa dəyməz. İşğalçı dövlətin silahlı qüvvələri ümumiyyətlə pis vəziyyətdədir. Ermənistanın baş naziri Karen Karapetyan bu günlərdə bildirmişdi ki, bu ölkə insan kapitalı ilə Azərbaycan Silahlı Qüvvələrini udur. Qeyd edir ki, bu gün hər hansı bir texnikadan, hərbi hazırlıqdan söhbət gedə bilməz. Hesab edirəm ki, bu cür uydurmalarla özünü və Ermənistan seçicisini aldatmağa çalışır. Belədə isə erməni mətbuatının Azərbaycan üçün "narahat" olmasına dəyməz. Azərbaycan neft-qaz ehtiyatları ilə deyil, özünün işgüzarlığı, səmərəli iqtisadiyyatını qura bilməsi və bu gün beynəlxalq əmək bölgüsündə layiqli yerini tutması ilə kifayət qədər güclüdür. Bu gücümüz də ildən-ilə artır. Ona görə də səsləndirilən iddiaların heç bir əsası yoxdur".
Vidadi ORDAHALLI