"Doroxinin səfərini Rusiyanın aprel döyüşlərinin nəticəsini tanıması kimi qələmə vermək böyük savadsızlıqdan xəbər verir"
Ermənistan mətbuatı Azərbaycanda təmsil olunan diplomatik nümayəndələrin işğaldan tam azad olunan Cocuq Mərcanlı kəndinə reallaşan səfərinə böyük isterika ilə yanaşır. Hətta vəziyyət o həddə çatıb ki, onlar səfərdə iştirak edən diplomatları tənqid hədəfinə gətirir.
Məsələn, ABŞ səfirinin üzürlü səbəblərdən həmin səfərə qatıla bilməməsinə sevincək reaksiya verilir. Rusiyanın ölkəmizdəki səfiri Doroxinin Cocuq Mərcanlıya səfərini Ermənistan KİV-i və ictimai rəyi Rusiyanın aprel döyüşlərinin nəticəsini qəbul etməsi kimi şərh edir. Ermənistanın Doroxinin Cocuq Mərcanlıya etdiyi səfərə bu şəkildə verdiyi reaksiya nə ilə bağlıdır?
Politoloq Qabil Hüseynli hesab edir ki, Ermənistan hər vasitə ilə Rusiyanı özünə dost, bizə düşmən etməyə çalışır: "Cocuq Mərcanlının bərpası yalnız bir kəndə göstərilən diqqət kimi qiymətləndirilmir. Ermənilər öz KİV-ində bunun simvolik mənasını yaxşı dərk edir. Bu səbəbdən də belə narahatlıq keçirirlər. Onlar dərk edir ki, bundan sonra Azərbaycan həmin yeri son dayaq yeri kimi qəbul edib və hərəkət yalnız irəli ola bilər. Diplomatlar erməni vəhşiliyini öz gözlərilə gördülər. Rusiya səfirinin nümayəndə heyətinin içində olması onlara lap pis təsir edib. Onlar Rusiyaya atası kimi baxır və belə hallarda qısqanclıq nümayiş etdirirlər. Ancaq Doroxinin səfərini Rusiyanın aprel döyüşlərinin nəticəsini tanıması kimi qələmə vermək böyük savadsızlıqdan xəbər verir. Rusiya və həmin səfərdə iştirak edən bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Aprel döyüşlərində nə baş verib? Azərbaycan öz torpağını işğaldan azad edib, Ermənistanın hansısa kəndini işğal etməyib ki, Rusiya buna etiraz etsin".
Məhəmmədəli QƏRİBLİ