"Separatçıların sıxışdırılması ilə bağlı fəal işləməliyik"
"Ermənistan və Azərbaycan daxil olmaqla, tərəflərdən heç biri Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır". Bu barədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşlərinin yekunu olaraq yaydığı bəyanatda bildirilir.
Həmsədrlər bəyanatda 20 fevral "referendumu"nun nəticələrinin Dağlıq Qarabağın hüquqi statusuna təsir edə biləcəyini qəbul etmədiklərini vurğulayıb: "Həmsədrlər, həmçinin, qeyd edirlər ki, nəticələr heç bir halda Dağlıq Qarabağın yekun statusunu və ya münaqişənin dayanıqlı və sülh yolu ilə nizamlanmasına yönəlmiş hazırkı danışıqların yekununu qabaqcadan müəyyənləşdirmir".
Bundan başqa, Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərində - Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan qondarma "referendum"la bağlı bəyanat yayıb.
Bəyanatda rəsmi Moskvanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığı bildirilib.
Digər tərəfdən, ATƏT-in Daimi Şurasının iclasında Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi tərəfindən Ermənistanın işğal edilmiş ərazilərdə qanunsuz "referendum" keçirmək niyyəti ilə bağlı məsələ qaldırılıb.
Daimi Nümayəndəlik Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı 14 fevral tarixli bəyanatı əsasında çıxış edərək ATƏT iştirakçı dövlətlərinin diqqətini Ermənistanın sözügedən təxribatçı niyyətinə cəlb edib. Azərbaycan tərəfi bir daha beynəlxalq ictimaiyyəti qanunsuz "referendum"u pisləməyə və onun nəticələrini tanımamağa, eləcə də Ermənistana işğalçı siyasətinə son qoyması üçün siyasi və diplomatik təzyiq göstərməyə çağırıb.
Məsələ üzrə çıxış edən Türkiyə, Ukrayna və Gürcüstan nümayəndələri Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstək ifadə edərək, "referendum"un qanunsuz və qeyri-legitim olduğunu, onun adıçəkilən ölkələr tərəfindən rədd edildiyini və nəticələrinin tanınmayacağını bildirib.
Səsləndirilən bəyanatlar fonunda, tamamilə təcrid vəziyyətində qalmış Ermənistan tərəfinin qanunsuz "referendum"un keçirilməsinə, ölkəmizin ərazi bütövlüyünə qarşı güc tətbiqinə bəraət qazandırmaq cəhdləri Daimi Nümayəndəliyin BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi üzrə qəbul edilmiş müvafiq qətnamələrinə istinadları qarşısında bir daha iflasa uğradı. Bütün bunlar Azərbaycan
diplomatiyasının uğurudur.
Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, ümumən bu, Azərbaycan diplomatiyasının uğurudur: "Həmsədrlər borclu idilər ki, daha tez bəyanat versinlər. Onlar bundan bir az əvvəl bəyanat verib separatçılara təzyiq göstərməli idi. Bütün bunlara rəğmən, səslənən bəyanatlar onu göstərir ki, Dağlıq Qarabağ separatçılar tərəfindən idarə olunur. Eyni zamanda, bu qurum heç bir ölkə tərəfindən tanınmır. Bütün bunlar onu göstərir ki, separatçıların səyləri puça çıxacaq. O baxımdan əldə olunan nəticə Azərbaycan diplomatiyasının uğurudur. Belə bəyanatların verilməsi Azərbaycan diplomatiyasının səyi nəticəsində mümkün olub. Yəni bu, müəyyən diplomatik addımlarımızın nəticəsidir. O üzdən, biz bundan sonra daha da aktiv diplomatik addımlar atmalıyıq. Separatçıların sıxışdırılması ilə bağlı fəal işləməliyik".
Vidadi ORDAHALLI