Elşən Həsənov: "Hesab edirəm ki, bu mövqeyin yaranmasında ölkə Prezidenti İlham Əliyevlə onun arasında olan şəxsi münasibətlərin də böyük rolu var"
Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan sərhədlərini qanunsuz olaraq pozan blogger Lapşinlə bağlı prinsipial mövqeyi həmin dövlət adamının ölkəmizin təmənnasız dostu olduğunu bir daha sübut etdi.
Lapşin məsələsində Lukaşenko hətta Rusiya kimi nəhəng müttəfiqinin də hədələrinə məhəl qoymadı. Lukaşenkonun Azərbaycana yönəlik müsbət siyasi jestləri bununla kifayətlənmir.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin başçılarının İrəvan sammiti zamanı da Belarus lideri S.Sarkisyanın "siyasi halsızlığı"nın, passivliyinin və sözləri məntiqsiz ifadə etməsinin səbəbini dediklərində ifadə edib. A.Lukaşenko etiraf edib ki, "müzakirə edilən məsələlər... prezidentlər səviyyəsinə layiq olmayıb". A.Lukaşenko heç bir ciddi beynəlxalq təşkilatın KTMT-ni tanımaq istəmədiyini açıq söyləyib, o cümlədən BMT-nin bu təşkilata sülh missiyasını yerinə yetirmək səlahiyyəti vermədiyini və NATO-nun onu tanımadığını bildirib.
A.Lukaşenko yekun brifinqə də qatılmayıb. S.Sarkisyanın yanında isə N.Bordyujadan başqa kimsə oturmayıb.
Avrasiya İttifaqına üzvlük məsələsi müzakirə olunan zaman da Lukaşenko həmin iclasda Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinin vacibliyini bildirib.
Belarus prezidenti sonrakı açıqlamalarında da Azərbaycanın yaxın dostu olduğunu etiraf edib: "Baxmayaraq ki, biz KTMT-dəyik, Azərbaycanla hərbi-texniki sahədə də əməkdaşlıq edirik. Bakıda olanda biz hərbi-texniki əməkdaşlıqdan tutmuş, energetika məsələlərinə kimi bütün istiqamətlər üzrə müzakirələr aparacağıq".
Prezident İlham Əliyevlə görüşü zamanı da Lukaşenko bildirib ki, Azərbaycan ən yaxın dostu kimi hər zaman Belarusa arxalana bilər: "Bizim imkanlarımızı siz yaxşı bilirsiniz. Siz Belarusun böyük dostusunuz. Bizim aramızda qapalı mövzu yoxdur. Biz bütün istiqamətlərdə əməkdaşlıq edirik və edəcəyik. Biz öz əməkdaşlığımızla heç kəsə zərər vermirik, fəaliyyətimizə aid ən aktual məsələlərin müzakirəsi zamanı açığıq, gələcəkdə də açıq olacağıq".
Bütün bu jestlərilə Lukaşenkonu ölkəmizin təmənnasız dostu saymaq olarmı?
Ekspert Elşən Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, Lukaşenkonun son zamanlar atdığı bir neçə addım bunu iddia etmək üçün tam əsas verir: "Bilirsiniz ki, dövlət başçıları bir qədər diplomatik davranışlara meylli olur. Lukaşenko Azərbaycanla Ermənistan arasında olan seçim zamanı birmənalı olaraq bizi dəstəkləyir. Baxmayaraq ki, onlarla eyni təşkilatlarda təmsil olunur. Belarusun Rusiya ilə də sıx əməkdaşlığı var. Son proses göstərdi ki, o, yeri gələndə, Rusiyanın da tələblərinə əməl etmir. Bunu yalnız sadiq dost edə bilər. Qeyd edim ki, Lukaşenkonun jesti bir hadisə ilə bağlı olsaydı, bəzi fikirləri söyləməyə tərəddüd edərdim. Amma bu, davamlı şəkildə baş verirsə, demək, Lukaşenko öz seçimini konkret edib. Hesab edirəm ki, bu mövqeyin yaranmasında ölkə Prezidenti İlham Əliyevlə onun arasında olan şəxsi münasibətlərin də böyük rolu var. Azərbaycan da, öz növbəsində, Belarusla normal münasibətlər qurur. İkitərəfli münasibətlərimiz gözəl inkişaf edir".
Məhəmmədəli QƏRİBLİ