"Hətta bir az da irəli gedərək, dünyanı bu addımı alqışlamağa səsləyir. Sabiq səfirin bu cür davranışı Azərbaycanın daxili işlərinə birbaşa müdaxilədir"
ABŞ-ın Ermənistanda fəaliyyət göstərmiş bəzi sabiq diplomatları erməni sevgilərindən vaz keçə bilmir. Hətta görəvdən ayrılandan sonra belə onlar sosial şəbəkələrin verdiyi imkandan bəhrələnərək, Ermənistana rəğbətlərini etiraf etməkdə davam edirlər.
Ermənistan mətbuatının verdiyi məlumata görə, ABŞ-ın Ermənistandakı sabiq səfiri Con Evans öz "Tvitter" səhifəsində bütün dünyanı qondarma qurumun "ombudsman"ına alqış etməyə çağırıb. Sabiq diplomat buna səbəb kimi onun hazırda Ermənistanda girov saxlanan Elnur Hüseynzadə ilə görüşməsini göstərib. O belə bir ifadə də işlədib: "Hesab edirəm ki, dünya bundan məmnun qalmalıdı və bu cür davranış qarşılıqlı olmalıdır".
Sabiq səfir bu açıqlaması ilə demək istəyir ki, Azərbaycan tərəfi ermənilərlə analoji davranışı nümayiş etdirmir.
C.Evansın bu mövzuya aid çıxışını necə dəyərləndirmək olar?
Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu qəzetimizə açıqlamasında bildirdi ki, bu davranışı ilə həmin diplomat ermənilərə hansı səviyyədə hörmət bəslədiyini ortaya qoyub: "Xüsusilə də Ermənistanda işləmiş səfir bu məsələdə neytral qalmalıdır. Bunu edə bilmirsə, heç olmasa həqiqəti söyləsin. Azərbaycan rəsmi səviyyədə bəyan edib ki, hazırda girovluqda saxlanan Elnur mülki vətəndaşdır, hərbçi deyil. Bundan əlavə, qarşı tərəf iddia edir ki, həmin adam qondarma qurumun "sərhədləri"ni keçərkən yaxalanıb. Diplomat belə halda deməli idi ki, həmin adam dərhal azad olunmalıdır. Çünki terrorçular onu öz vətəninə aid olan sərhədlər daxilində oğurlayıb. Məgər Ermənistanda uzun müddət səfir işləmiş şəxs bilmir ki, Azərbaycanın qondarma qurumla hər hansı bir sərhədi mövcud deyil? Sabiq səfir bu açıqlaması ilə öz diplomatik keçmişini açıb ortaya qoyur. Faktiki olaraq işğala, insanların qanunsuz oğurlanmasına, girov saxlanmasına haqq qazandırır. Hətta bir az da irəli gedərək, dünyanı bu addımı alqışlamağa səsləyir. Sabiq səfirin bu cür davranışı Azərbaycanın daxili işlərinə birbaşa müdaxilədir. Hesab edirəm ki, ABŞ Dövlət Departamenti sabiq işçisinə bu barədə xəbərdarlıq etməlidir. Burada başqa bir sual da yaranır: Evans nə bilir ki, Azərbaycan analoji vəziyyətlərdə nə cür davranır? Bunu bilmirsə, onun Azərbaycana nümunə göstərməsi üçün də heç bir əsas yoxdur".
Məhəmmədəli QƏRİBLİ