Yaxın Şərqdə indi əsas güc mərkəzi qismində Rusiya-Türkiyə- İran üçbucağının çıxış etməsi danılmaz faktdır və bu həqiqət artıq Qərb dünyasında, o cümlədən ABŞ-da da açıq etiraf olunur. Suriya münaqişəsi ətrafında son bir ildə cərəyan edən proseslərin istiqamətləndirilməsində məhz Rusiya, Türkiyə və İranın mövqeyi həlledici əhəmiyyət daşıyır.
İstina olunmur ki, məhz bu ölkələrin istəyi əsasında Suriya münaqişəsi yaxın tezlikdə həllini tapacaq. Elə bu fonda barəsində bəhs edilən üçbucağın fəaliyyət dairəsinin Yaxın Şərqdə genişlənməsi, həmçinin digər rayonlara sirayət etməsi də gözləniləndir. Bu sıraya cənubi Qafqaz da aiddir. İndi Ermənistanda ciddi narahatlıq var ki, Rusiya, Türkiyə və İranın diqqəti Qafqaza yönəldikdən sonra Qarabağ münaqişəsinin həlli Azərbaycanın maraqları çərçivəsində intensivləşəcək. Erməni siyasi şərhçi Pavel Dallakyan da bildirir ki, bu gedişlə Dağlıq Qarabağ zonasında maraqların toqquşması fəallaşacaq və Rusiya, İran, Türkiyə, həmçinin Qazaxıstanın özü belə status-kvonu dəyişdirmək üçün birgə hərəkət edəcək. O hesab edir ki, Qərbə qarşı böyük koalisiya yaradılır: "ABŞ Suriyada "təhlükəsizlik zonaları" yaratmaq təklifi ilə çıxış edir. Rusiya bu təkliflə razılaşarsa, o zaman Astanada Suriya görüşünün digər iki tərəfi - Türkiyə və İran narazı qalacaq. Türkiyə ilə müqayisədə İranın vəziyyəti daha dramatikdir. ABŞ Tehrana qarşı açıq hücuma keçib. Bu mərhələdə Rusiya Tehran və Ankaraya münasibətdə iki cür addım ata bilər. Birincisi, ABŞ-la anlaşa bilər ki, bu, avtomatik olaraq narazılıq yaradacaq. İkincisi isə, üçlər ittifaqı olaraq hərəkət etməyə üstünlük verə bilər. Xüsusilə İrana qarşı ABŞ-İsrail hücumu bölgədə vəziyyəti qarışdırır. Bütün bu proseslər Dağlıq Qarabağ münaqişəsinə də birbaşa təsir edəcək". Dallakyan hesab edir ki, Astanada Suriya danışıqları Dağlıq Qarabağ üçün yeni presedent yaradıb: "Mümkündür ki, ATƏT-in Minsk Qrupu arxa plana keçirilsin və Rusiyanın vasitəçiliyi ilə Qarabağ üçün Astana görüşü təşkil edilsin. Bu, həm də Moskva, Ankara və Tehranın regionda İsrailin aktivləşməsinə, ümumilikdə Qərbə qarşı yeni koalisiya qurmasından irəli gələn məsələdir. Məqsəd təkcə münaqişənin həlli yox, həm də ittifaqı möhkəmləndirmək ola bilər. Moskva status-kvonu nəzarətdə saxlamaq üçün də bu formatda danışıqların aparılmasında maraqlıdır. Rusiya türklərə münaqişənin həllində yaxından iştirak etməyə imkan verəcək. Qazaxıstan prezidenti Nursultan Nazarbayev öz qardaşına - Azərbaycana sevə-sevə kömək edəcək. Ən çətin vəziyyətdə olan İran yeni koalisiyanın möhkəmliyi üçün buna gedəcək. Ermənistan isə münaqişənin həllində Türkiyənin vasitəçiliyini həmişə rədd edib. Lakin bu dəfə buna nail olması çətin görünür. Türk həmrəyliyi münaqişənin həllinə start verə bilər və burada Bakının mövqeyinin güclü olacağı da aydın məsələdir".
Digər tərəfdən Qazaxıstanın özünün prosesdə fəallaşması erməni tərəfi üçün müsbət heç nə vəd etmir. Bu arada həm də o məlum olub ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qarabağ probleminin nizama salınması üzrə yeni təşəbbüslər hazırlayacaq. Qazaxıstan parlamentinin deputatı Axan Bicanov bu xüsusda deyib: "Qazaxıstan Qarabağ münaqişəsinin həllində öz vasitəçilik fəaliyyətini gücləndirmək niyyətindədir. Bu problemin mövcudluğu Astananı narahat edir və onun həm Ermənistanla, həm də Azərbaycanla münasibətlərdə diplomatik sahəsini daraldır. Azərbaycan bizim qardaş ölkəmizdir, Ermənistanla isə biz inteqrasiya layihələri çərçivəsində partnyoruq. Buna görə də Qazaxıstan Qarabağ probleminin həllinə kömək etməyə çalışacaq".
Hələlik isə Rusiya, İran, Türkiyə, həmçinin Qazaxıstanın Qarabağ münaqişəsinin həllində fəllaşması əsas etibarı ilə Suriya münaqişəsinin həllindən sonra mümkün olacaq. Bu istiqamətdə də tərəflərin fəallağı genişlənir. Yeri gəlmişkən qeyd edək ki, Astanada Rusiya, Türkiyə və İranın operativ qruplarının Suriyada atəşkəsə nəzarət üzrə növbəti birgə iclası keçirilib. Xatırladaq ki, yanvarın 23-də Astanada Qazaxıstan, İran, Suriya hakimiyyəti, BMT, ABŞ, Türkiyə, Rusiya və Suriya müxalifətinin nümayəndə heyətlərinin iştirakı ilə Suriya böhranının nizamlanması üzrə toplantı keçirilmişdi. Məhz burada Suriya böhranı ilə əlaqədar Astanada keçirilən görüşdə Türkiyə, Rusiya və İran bu ölkədə hərbi əməliyyatların dayandırılması və atəşkəsin pozulması hallarına nəzarət məsələsində razılığa gəlib. Razılığa əsasən, bölgədə əməliyyat şəraitinə nəzarət olunması məqsədilə üçtərəfli mexanizmin qurulması qərara alınıb. Gündəlik müşahidələr nəticəsində atəşkəsin pozulması hallarına rast gəlinərsə, Türkiyə, Rusiya və İran öz nüfuzlarından istifadə edərək əməliyyatların dayandırılması barədə münaqişə tərəflərinə təsir göstərəcək. Astanada bu məsələ yenidən müzakirə olunub və tərəflərin Suriyada proseslərə təsir dairələrinin daha da genişlənməsi qərara alınıb.
Tahir TAĞIYEV