"Rusiya tərəfinin öz vətəndaşına sahib çıxmaq adı altında beynəlxalq təşkilatın qərarına qarşı olması başadüşülən deyil"
Azərbaycan qanunlarını kobud şəkildə pozaraq dəfələrlə işğal altındakı Dağlıq Qarabağa getdiyi və separatçı rejimi açıq şəkildə təbliğ etdiyi üçün barəsində cinayət işi açılaraq Minskdə həbs edilən və Azərbaycana ekstradisiya qərarı çıxarılan blogger Aleksandr Lapşinin bu qərarın ləğvi üçün apelyasiya şikayətinə Belarus Ali Məhkəməsi baxmalıdır.
Prosedura görə, qərar uzağı 3 gün ərzində verilə bilər. Ancaq Lukaşenkonun ekstradisiyanı tezləşdirməkdə maraqlı olması söyləməyə əsas verir ki, hökm daha tez verilə bilər. A.Lapşinin üçlü vətəndaşlığa malik olması (İsrail, Rusiya, Ukrayna) onunla bağlı məsələnin məntiqi sonluğa çatmasını müəyyən dərəcədə yubadır. Xüsusilə Rusiya bu məsələdə hay-küy salaraq hər vəchlə buna mane olmağa çalışır. Moskva Lapşinin Azərbaycana verilməməsi üçün Belarusa çağırış və təzyiq edir.
Rusiya xarici işlər naziri Sergey Lavrovun ardınca Rusiyanın ombudsmanı Tatyana Moskalkova bənzər bəyanatla çıxış edərək, Lapşinin ekstradisiyası əleyhinə olduğunu söyləyib. Onun sözlərinə görə, Rusiya Konstitusiyası ölkə vətəndaşının üçüncü dövlətə verilməsini qadağan edir.
Məlum olduğu kimi, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə məsələ ilə bağlı daha sərt mövqe sərgiləyib, faktiki surətdə Minski hədələyib. O bildirib ki, Moskva blogger Lapşinin Azərbaycana verilməsinin əleyhinədir: "Biz Rusiya vətəndaşlarının üçüncü ölkəyə verilməsinin yolverilməz olduğuna təkid edirik və bu məsələyə dair mövqeyimizi çatdırmaq üçün Belarus Xarici İşlər Nazirliyi, bu ölkənin səlahiyyətli qurumları ilə intensiv əlaqələri davam etdiririk".
Maraqlıdır, Rusiyanın israrla Lapşinin Azərbaycana ekstradisiyası əleyhinə olması nə ilə bağlıdır? Məsələyə münasibət bildirən millət vəkili Çingiz Qənizadənin fikrincə, Rusiyanın bu mövqeyi başadüşülən deyil: "Rusiya İnterpolun üzvüdür. Rusiya və Ukrayna vətəndaşlığını daşıyan Aleksandr Lapşin də İnterpolun xətti ilə axtarışa verilib və həbs edilib. A.Lapşinin Azərbaycana verilməsinə Belarus prezidentinin müsbət cavab verməsi tam hüquqi müstəvidədir. Rusiya tərəfinin öz vətəndaşına sahib çıxmaq adı altında beynəlxalq təşkilatın qərarına qarşı olması başadüşülən deyil. Öz vətəndaşlarına sahib çıxırlarsa, niyə bu günə qədər erməni əsirliyində saxlanan və həyat yoldaşı Rusiya vətəndaşı olan Dilqəm Əsgərov və Şahbaz Quliyev üçün heç bir ciddi addım atmayıblar. Biz erməni əsirliyində olan soydaşlarımızın azad edilməsi üçün dəfələrlə beynəlxalq təşkilatlara müraciət ünvanlamışıq. Cənab Prezident də öz görüşlərində bununla bağlı məsələ qaldırıb. Amma təəssüf ki, hələ də bir müsbət nəticə əldə edə bilməmişik. Əlbəttə, bu da bizə qarşı yürüdülən ikili siyasətdən qaynaqlanır".
Vidadi ORDAHALLI