Ramil Hüseynov: "Azərbaycanla bağlı münasibətlərə gəldikdə isə..."
Respublikaçı Donald Trampın Amerika prezidenti seçiləndən sonra verdiyi qərarlar dünyada heç də birmənalı qarşılanmır. Bəzi müsəlman ölkələrindən gələn miqrantlara qoyulan qadağa bu qəbildəndir. Bu arada Trampın Cənubi Qafqaz, eləcə də Azərbaycanla bağlı siyasətinin necə olacağı ilə bağlı müxtəlif mülahizələr səslənir.
Əslində, Cənubi Qafqazın, əsasən də Azərbaycanın problemi olan Qarabağ münaqişəsinin həll edilməsi yönündə fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunda ABŞ-ın həmsədr olması yeni prezidentdən nələrisə gözləməyə əsas verir. Ancaq bəzi iddialara görə, Tramp dönəmində Qarabağ münaqişəsinin həll edilməsi də sual altındadır. Bu onunla əsaslandırılır ki, ABŞ Obama dönəmində bu problemin həll edilməsi istiqamətində heç bir addım atmadı. Ancaq Birləşmiş Ştatların müəyyən mənada iqtisadi maraqları var. Regionda həm siyasi, həm də iqtisadi baxımdan ciddi maraqları olan Rusiyadır ki, o da bu problemin həll edilməsində maraqlı deyil.
Digər məlumata görə, Trampın Cənubi Qafqazla bağlı siyasətində Azərbaycan və Gürcüstanla əməkdaşlığa mühüm yer veriləcək. Yəni bu iki ölkə ilə əməkdaşlığa xüsusi diqqət yetiriləcək. Maraqlıdır, siyasi ekspertlər buna necə yanaşır? Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, birmənalı fikir söyləmək çətin olsa da, müəyyən gözləntilər var: "Ümumən Tramp dönəmində ABŞ-ın Cənubi Qafqaz siyasəti dəyişməyəcək. Azərbaycanla bağlı münasibətlərə gəldikdə isə, enerji və digər məsələlərdə əməkdaşlıq davam edəcək. Ola bilsin ki, enerji sahəsində əməkdaşlıq daha da genişləndirilsin. Aydın məsələdir ki, Ermənistan Rusiyanın forpostu olduğu üçün, bu ölkə ilə əlaqələrə xüsusi önəm veriləcəyi gözlənilmir. Gürcüstana gəldikdə isə, bu ölkə ilə əlaqələr inkişaf edəcək. Çünki Gürcüstan Qərbə inteqrasiya olunmağı qarşısına məqsəd qoyub. İlk vaxtlar belə fikirlər səslənirdi ki, Obamadan sonra ABŞ-Gürcüstan münasibətləri əvvəlki səviyyədə olmayacaq. Ancaq mən belə düşünmürəm. Enerji layihələrinin reallaşdırılması və Orta Asiyadakı enerji daşıyıcılarının Avropaya çatdırılması Azərbaycandan, Gürcüstandan asılıdır. Enerji layihələri ilə yanaşı, digər layihələr həyata keçiriləcək, əməkdaşlıq olacaq. Bəzi bizim gözləmədiyimiz yeniliklər də ola bilər. Yəni siyasətdə belə şeylər də istisna deyil. Bütün hallarda, yaxın aylarda Tramp administrasiyasının bununla bağlı konturları bəlli olacaq".
Vidadi ORDAHALLI