"Erməni diaspor fəallarının bu mövqeyi, ermənilərin Avropa və ABŞ-dan deportasiyası və ölkədəki gərgin iqtisadi vəziyyət Sarkisyan rejiminə bədbəxt gələcək vəd edir"
Ermənistanın "Lragir.am" saytı ermənilərin ABŞ və Avropa ölkələrindən deportasiya olunması ilə bağlı yazı dərc edib. Yazıda bildirilir ki, ABŞ-ın "Ay-data" erməni təşkilatı Yaxın Şərqdən bu ölkəyə daşınmış erməniləri evlərindən çıxmamağa çağırıb.
Bildirib ki, onlara evlərinə qayıtmaq imkanı verilməyə bilər. Təşkilatın müraciətində o da qeyd olunur ki, ABŞ-a pənah aparan xeyli sayda erməni sərhəddə saxlanıb və onların bu ölkəyə girişinə icazə verilməyib. Qadağanın Trampın immiqrasiya ilə bağlı verdiyi məlum qərarla əlaqədar olduğunu yazan sayt, eyni zamanda, bildirir ki, bu günlərdə İrəvanın "Zvartnots" aeroportuna Tiflisdən gələn təyyarənin göyərtəsində 120 qeyri-leqal erməni miqrant olub. Onların Avropa ölkələrindən deportasiya edildiyi, hətta evlərindən və ofislərindən çıxarılaraq zorla birbaşa aeroporta aparıldığı bildirilir. ABŞ-ın ardınca Avropanın da miqrant siyasətini sərtləşdirməyə meylli olduğunu yazan "Qraparak" erməni qəzeti isə mövzu ilə əlaqədar daha maraqlı bir nüansa diqqət çəkir. Bildirir ki, ermənilər, bir qayda olaraq, Rusiyaya işləməyə və pul qazanmağa üz tutsalar da, Avropa və ABŞ-a gedənlər haqqında bunu demək olmaz. Qəzet yazır ki, bu istiqaməti seçən ermənilər həmin ölkələrə ya miqrantlara ayrılan yardımdam bəhrələnmək, ya da sadəcə oğurluq etmək məqsədilə gedir. Hazırkı situasiya davam edəcəyi təqdirdə ölkəyə departasiya olunanların axın edəcəyini, bunun isə sosial bəlaya çevriləcəyini, ölkədə inqilabi vəziyyət yaradacağını yazan qəzet sonda qeyd edir ki, görünür, eks-baş nazir Tiqran Sarkisyanın dediyi kimi, bu günə qədər inqilabçı potensialı ölkədən çıxarmaq siyasəti yürüdən Ermənistanın hazırkı hökuməti elə bu potensialın qayıdışı ilə özünün məntiqi sonluğuna çatacaq.
Beləliklə, onsuz da özünün ən çətin dönəmini yaşayan Sarkisyan hökuməti üçün daha bir real təhlükə Avropadan axın etməkdədir...
Bu proseslər Ermənistan hakimiyyəti üçün nə vəd edir?
Ekspert Vüqar Qədirovun fikrincə, tarixdən də bəllidir ki, ermənilər daim belə köç üstündə olublar: "Konkret vətənləri olmayan bu etnosun məkri, xəyanəti onları daim küçələrə salıb. Bilirsiniz ki, ermənilərin kompakt yaşadığı yerlərdən biri də Yaxın Şərqdir. Oradakı konfliktlər səbəbindən ermənilər də yaşadığı yerləri tərk etməyə məcbur olub. Ancaq məsələnin başqa maraqlı tərəfi var. Əvvəllər həmin ermənilər işğal altında olan torpaqlara yerləşdirilirdi. Bizdə yüzlərlə ailənin işğal altındakı ərazilərə yerləşdirilməsinə dair faktlar var. Həmin ailələrin çoxu dözülməz şərait ucbatından Ermənistan hakimiyyətinin təklif etdiyi yerləri tərk edib. Yerli əhali Ermənistanı kütləvi şəkildə tərk etdiyi halda, Yaxın Şərqdən gələn qaçqınlar orada nə edəcək ki? Ermənilərin ABŞ və Avropadan da deportasiya edilməsinin səbəbi nə olursa-olsun, onların yeganə üz tuta biləcəkləri yer Ermənistandır. Son dövrlər dünyanın müxtəlif ölkələrində yaşayan fəal ermənilər də Sarkisyanın hakimiyyətdən getməli olduğunu söyləyir. Erməni diaspor fəallarının bu mövqeyi, ermənilərin Avropa və ABŞ-dan deportasiyası və ölkədəki gərgin iqtisadi vəziyyət Sarkisyan rejiminə bədbəxt gələcək vəd edir".
Məhəmmədəli QƏRİBLİ