"Görünən budur ki, onlar siyasətdə qalmağın klounada formasını icad ediblər"
Yanvarın 31-də bir qrup radikal müxalifət tərəfdarı Novxanı kəndində Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin anadan olmasının 133-cü ildönümü münasibətilə onun abidəsi önündə mitinq keçirib.
Azərbaycan hakimiyyəti hər il ənənəvi qaydada keçirilən bu tip toplantılara heç bir maneçilik törətmir. Bəs radikal müxalifət nümayəndələri hakimiyyətin onlar üçün yaratdığı bu şəraitdən hansı formada istifadə edib? Yaşanılan uğursuzluq sindromu, siyasi arenadan tam silinmək qorxusu özünü göstərməyə başlayır. Həmin tədbirdən nümayiş olunan kadrlardan görünür ki, çıxış edənlərin əksəriyyəti mərhum prezident Heydər Əliyev və hazırkı dövlət başçısı cənab İlham Əliyev haqda qeyri-etik ifadələr işlədiblər ki, bu da normal siyasi mübarizə kriteriyalarına qətiyyən uyğun gəlmir. Radikal müxalif siyasilərin fəallaşmaq cəhdlərində müşahidə olunan bu qeyri-etiklik nə ilə bağlıdır? Silsilə uğursuzluqların, perspektiv inamsızlığın doğurduğu daxili gərginlik, ya sadəcə məsuliyyətsizlik, ya başqa səbəblər?...
Millət vəkili Aydın Mirzəzadə qəzetimizə açıqlamasında bildirdi ki, radikal müxalifət nümayəndələrinin bu cür davranışını onların mədəniyyətsizliyilə izah edə bilər: "Təəssüflər olsun ki, həmin adamlar öz mədəniyyətini nümayiş etdirməyin fonunda, hansı dərəcədə mədəniyyətsiz olduqlarını ortaya qoydular. Heç bir halda siyasi mübarizə etik normaları keçməməlidir. Hətta ən kəskin mövqedə olan müxalif siyasətçilər belə etik qaydalara riayət etməyə borcludur. Görünən budur ki, onlar siyasətdə qalmağın klounada formasını icad ediblər. Bu davranışları ola bilər ki, onları bir neçə gün gündəmdə saxlasın. Ancaq Azərbaycan xalqının yaddaşında onlar hər zaman kloun siyasətçi kimi qalacaq. Ancaq düşünməsinlər ki, hakimiyyət nə vaxtsa onların səviyyəsinə düşüb onlara qeyri-etik tərzdə cavab verəcək. Bəllidir ki, istəkləri budur, amma bunu görməyəcəklər".
Məhəmmədəli QƏRİBLİ