Məlum olduğu kimi, ötən il AŞPA-nın qış sessiyasının yanvarın 26-da keçirilən iclasında deputatların səs çoxluğu ilə (98 lehinə, 71 əleyhinə) Bosniyalı deputat Melitsa Markoviçin "Azərbaycanın cəbhəyanı rayonlarının sakinlərinin sudan qəsdən məhrum edilməsi" adlı qətnaməsi qəbul edilib.
Məruzədə Ermənistan hakimiyyətinə su resurslarından "siyasi təsir aləti kimi" istifadə etməyə son qoymaq çağırışı yer alıb. Su bəndinə 20 ildən çoxdur müntəzəm texniki xidmət olmadığına görə Sərsəng su anbarında vəziyyət "bütün sərhədyanı bölgə üçün təhlükə yaradır", - deyə məruzədə qeyd edilirdi.
Sərsəng su səddi köhnəlmiş vəziyyətdədir, bu da humanitar və ekoloji problem yaradır və "çox sayda insan tələfatına səbəb olacaq qəzaya" gətirib çıxara bilər. Bu problemin həlli üçün AŞPA Ermənistan silahlı qüvvələrinin həmin ərazidən dərhal çıxarılmasına çağırıb. Bu, mühəndislərin və hidroloqların ətraflı araşdırma üçün obyektə çıxışını təmin etməyə imkan verərdi.
Bundan başqa, su anbarına, Sərsəng və Madagiz bəndlərinin vəziyyətinə, payız-qış dövründə su buraxılması qrafikinə beynəlxalq nəzarət tələb olunur.
Çox maraqlıdır ki, ermənilər indi də Azərbaycanın haqlarının tanındığı qətnamənin müəllifi olan deputat Melitsa Markoviçin əleyhinə yönəlik aktiv "qara piar" kampaniyasına start veriblər. Erməni mətbuatının iddiasına görə, erməni nümayəndə heyəti Markoviç barədə korrupsiya şikayəti edib. Həmin şikayətdə iddia olunur ki, güya deputat sözügedən və səsvermə nəticəsində qəbul edilən qətnamənin layihəsini Azərbaycan tərəfdən aldığı "rüşvət" müqabilində hazırlayıb. Qeyd edək ki, Markoviçin özü ittihamları cəfəng adlandırdığı üçün jurnalistlərə heç bir açıqlama verməyib.
Burada ermənilərin daha bir məkrli niyyətinin üstü açılır. Onlar hər vasitə ilə Azərbaycanla bağlı olan layihələr hazırlayan AŞPA-dakı deputatları ələ almaq istəyirlər. Bu istəkləri baş tutmayanda isə, Markoviçin timsalında olduğu kimi, şantaja, şərə, böhtana əl atırlar.
Konkret bir fakta nəzər yetirsək, bunun əyani şahidi olarıq.
Bu yaxınlarda AŞPA-dakı Ukrayna nümayəndə heyətinin başçısı Vladimir Aryev öz "Facebook" səhifəsində erməni nümayəndə heyətini onu konyakla ələ almaq cəhdində günahlandırıb:
"Bu, mübaliğəsiz bir jest idi. Erməni deputatlar Strasburqda əllərində konyak arxamca düşmüşdülər ki, mən Dağlıq Qarabağın Azərbaycana məxsus olması fikrindən imtina edim. Bu gün isə Assambleyaya hansısa üç manatlıq kompromatla gəliblər ki, "Aryevin nənəsi azərbaycanlıdır". İndi mən dəqiq bilirəm ki, gülməli iş görmək istəyirsənsə, Ermənistan parlamentindən müşavir çağır".
Məlum olub ki, erməni deputatlar əvvəlcə onu konyakla ələ almaq istəyiblər, ertəsi gün isə iclasa onun nənəsinin azərbaycanlı olması haqda bir paket sənəd gətiriblər.
Ermənilərin bu tip hərəkətinə hansı adı vermək olar?
Politoloq Qabil Hüseynli qəzetimizə bildirdi ki, bu məsələdə qeyri-adi nəsə görmür: "Mən bunu ənənəvi erməni xislətindən irəli gələn davranış kimi qiymətləndirərdim. Onlar AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin aktivliyini qəbul etmək istəmir. Fikir verirsinizsə, Azərbaycanla bağlı hansısa uğurlu qətnamə qəbul olunursa, ermənilər dərhal həmin layihənin müəllifini hədəfə alır. Birmənalı şəkildə Azərbaycandan rüşvət aldığını iddia edirlər. Ukraynalı deputatın açıqlamalarından sonra aydın olur ki, hətta onlar ən pis alçaqlığa belə gedirlər. Əllərində konyak şüşəsi deputatın arxasınca sürünürlərsə, demək, nəyə desən qadirdirlər. Birmənalı şəkildə demək olar ki, ermənilər bu davranışları ilə AŞPA-dakı digər deputatları təhdid etmiş olur. Yəni istəyirlər ki, yaranacaq qalmaqal perspektivini deputatlar əvvəlcədən nəzərə alsın və Azərbaycanla bağlı prosesə baş qoşmasınlar. Bilirlər ki, bu canfəşanlıqlarının Sərsənglə bağlı qəbul edilən qətnaməyə heç bir təsiri olmayacaq".
Məhəmmədəli QƏRİBLİ