Bu gün işğalçı Ermənistanla savaş təkcə hərb yox, həm də informasiya, diplomatiya sahəsində aparılır. 1990-cı illərin əvvəllərindən fərqli olaraq, Azərbaycan indi savaşın aparıldığı hər cəbhədə Ermənistanla müqayisədə böyük üstünlüklər əldə edib və qələbə fərqini davamlı olaraq artırmaqdadır.
İndi ermənilər özləri də açıq etiraf edir ki, Azərbaycan əsgəri müstəvidə Ermənistanı çox geridə qoymaqla yanaşı, informasiya müharibəsində, diplomatik savaşda da onların mövqeyini əhəmiyyətli dərəcədə sarsıda bilib. Məhz Azərbaycanın uğurlu gedişləri sayəsində dünya artıq erməni yalanlarına inanmır, əksinə, gedərək daha çox beynəlxalq qurum və təşkilatlarda Ermənistanın işğalçılıq siyasətini pisləyən sənədlər, qətnamələr qəbul olunur. Bunları dayandırmağa indi nə Ermənistanın, nə onun hamilərinin, nə də erməni lobbisinin gücü yetir.
Təbii ki, Azərbaycan tərəfi əldə olunan nailiyyətlərlə kifayətlənmir və ərazilərimizin işğalına son qoyulana qədər ermənilərlə hər cəbhədə amansız mübarizə davam etdiriləcək. Bura beynəlxalq qurumlarda Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsi istiqamətində işlərin daha da genişləndirilməsi, düşmənə qarşı həmin təşkilatlar çərçivəsində təsirli tədbirlərin görülməsi də daxildir. Sözügedən səpkidə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) da Azərbaycan nümayəndə heyəti tərəfindən Ermənistanın işğalçılıq siyasətinə qarşı fəal iş aparılır. Ümumiyyətlə, AŞPA-da Dağlıq Qarabağ münaqişəsinin daimi olaraq gündəmdə saxlanması Azərbaycan diplomatiyasının prioritet məqamlarından biridir və bu səpkidə ölkəmizin aktivinə yazılan nailiyyətlərin sayı heç də az deyil. Elə qurumun ötən ay baş tutan qış sessiyasında ermənilər Azərbaycan ərazilərini işğalda saxladıqlarına görə növbəti zərbəni almış oldular. Söhbət ukraynalı deputat, mədəniyyət, elm, təhsil və media komitəsinin sədri Volodimir Ariyvin hazırladığı "Avropada jurnalistlər əleyhinə hücumlar və mətbuat azadlığı" adlı qətnamədən gedir. İlk baxışda, adından da göründüyü kimi, qətnamənin Dağlıq Qarabağ münaqişəsinə hansısa formada aidiyyəti yoxdur. Amma mahiyyət etibarı ilə ortaya tamam fərqli mənzərə çıxır və erməni tərəfi bu qətnamə vasitəsilə növbəti zərbədən yayınmaq üçün ən çirkin vasitələrə belə əl atsa da, istəyinə nail ola bilməyib.
Ermənilərin narahatlığına yol açan başlıca məqam isə "Avropada jurnalistlər əleyhinə hücumlar və mətbuat azadlığı" adlı qətnamənin 9-cu bəndi olub. Belə ki, bu bənddə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi, buradakı separatçı rejimə rəhbərlik edən Bako Saakyanın əslində quldur dəstəsinə başçılıq etməsi, Dağlıq Qarabağın isə qeyri-şəffaf, hərcmərclik zonası olması barədə ifadələr yer alıb. Bununla yanaşı, sənəddə açıq mətnlə qeyd edilir ki, Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağda separatçı rejimin mövcudluğu burada, digər sahələr kimi, mətbuatın da hər cür beynəlxalq nəzarətdən və qanundan kənar olması ilə nəticələnib. Qeyd olunan səpkidə yer alan ifadələr AŞPA-da Ermənistanın nümayəndə heyətinin ciddi narahatlığına yol açıb. Elə bu səbəbdən qətnamədə göstərilən fikirlərin çıxarılması üçün ermənilər müxtəlif təxribatlar həyata keçirməyə, hətta Volodimir Aryeviyə təzyiqlər göstərməyə cəhd ediblər. Məlumatlara görə, bunun üçün qətnamə layihəsinin AŞPA-nın mədəniyyət komitəsində müzakirəsi zamanı ermənilər canfəşanlıqlarını daha da artırıblar. Ancaq erməni nümayəndə heyətinin bütün səylərinə baxmayaraq, komitə separatçı rejimlərin, o cümlədən Dağlıq Qarabağın adının mətndə saxlanmasını zəruri sayıb və məruzənin Parlament Assambleyasında müzakirəsi vacib sayılıb.
Volodimir Ariev baş verənlər fonunda "Facebook" səhifəsində yazdığı statusla növbəti dəfə ermənilərin iç üzünü açıb. Ukraynalı deputat bildirib ki, hələ iclas ərəfəsində erməni nümayəndə heyəti onu konyakla satın almaq istəyib: "AŞPA mənim Avropada söz azadlığına dair hesabatımı qəbul etdi. Bu, mübaliğəsiz bir jest idi!. Amma dinləmələrin sakit axarını Ermənistan təmsilçiləri pozub. Erməni deputatlar Strasburqda əllərində konyak arxamca düşmüşdülər ki, mən Dağlıq Qarabağın Azərbaycana məxsus olması fikrindən imtina edim, sonra da Assambleyada hansısa üçmanatlıq kompromatla gəliblər ki, "Aryevin nənəsi azərbaycanlıdır". İndi mən dəqiq bilirəm: gülməli iş görmək istəyirsənsə, Ermənistan parlamentindən nümayəndə heyəti çağır".
Bütün bunları AŞPA-da təmsil olunan Ermənistanın nümayəndə heyətinin üzvü, Respublika Partiyasından deputat Samvel Farmanyan, eləcə də nümayəndə heyətinin rəhbəri Şavarş Köçəryan sonradan təkzib etməyə çalışsa da, hansısa tutarlı fakt göstərə bilməyiblər. Əksinə, Volodimir Aryevin arqumentləri əsasında daha gülünc duruma düşüblər. Ermənistan nümayəndə heyətinin bütün səylərinə baxmayaraq, müzakirələrin yekunlarında Dağlıq Qarabağın Azərbaycana, eləcə də Abxaziya və Cənubi Osetiyanın Gürcüstana, Dnestryanı bölgənin Moldovaya məxsus olması növbəti dəfə təsdiq edilib, həmin əraziləri nəzarətdə saxlayan rejimlərin separatçı mahiyyəti bir daha qabardılıb, bu ərazilər qanunsuzluğun hökm sürdüyü tamamilə qeyri-şəffaf zonalar kimi təsbit olunub. Sözügedən qətnamə bir çox parametrlər baxımından Azərbaycan üçün çox vacib əhəmiyyət kəsb edir. Əvvəla, burada növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü təsbit edilir. Eyni zamanda, Dağlıq Qarabağ və digər separatçı rejimlərin nəzarətində olan məkanlar haqlı olaraq qanundan kənar, qeyri-şəffaf zonalar adlandırılır. Bu səbəbdən belə yerlərdə yaranan vəziyyətdən ciddi narahatlıq ifadə edilir. O da birəmnaılı həqiqətdir ki, belə vəziyyətin qarşısının alınmasının yeganə yolu həmin ərazilərdəki mövcud işğala, separatizmə son qoymaq, bu yerlərdə ən azından beynəlxalq nəzarətin tam təmin edilməsinə nail olmaqdır. Digər tərəfdən "Avropada jurnalistlər əleyhinə hücumlar və mətbuat azadlığı" adlı qətnamədə qeyd olunur ki, Azərbaycan media azadlığı sahəsində inkişafa, uğura nail olmuş ölkə kimi xüsusi qeyd olunur. Bu isə o deməkdir ki, ərazilərimizin işğalına son qoyulduqdan sonra burada da vəziyyət, indikidən fərqli olaraq, müsbətə doğru dəyişəcək. Sözügedən həqiqət "Avropada jurnalistlər əleyhinə hücumlar və mətbuat azadlığı" qətnaməsinin qəbuluna səs verən avropalı deputatlar tərəfindən də qəbul olunur.
Amma AŞPA-nın qış sessiyasının gedişində ermənilərin aldığı zərbə təkcə barəsində bəhs edilən qətnamənin qəbulu olmayıb. Məlum olduğu kimi, qış sessiyası zamanı AŞPA sədri Pedro Aqramunt ikinci müddətə bu vəzifəyə seçilib. Xatırladaq ki, Aqramunt ilk dəfə 2016-cı ildə AŞPA-ya sədr seçilib. İspaniyanın Valensiya bölgəsindən deputat seçilmiş senator Pedro Aqramunt həm də 2000-ci ildən etibarən AŞPA-da təmsil olunur. O, bu illər ərzində müxtəlif vaxtlarda assambleya daxilində komitə sədri vəzifələrində çalışıb, bir çox hesabatlar hazırlayıb və eyni zamanda, uzun illər Azərbaycan üzrə həmməruzəçi vəzifəsində çalışıb. Fəaliyyət göstərdiyi müddət ərzində Pedro Aqramunt Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daim obyektiv mövqe sərgiləyib, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Elə bu da hər zaman ermənilərin ciddi narahatlığına və təşvişinə səbəb olub. Bu mənada tamamilə təbiidir ki, Pedro Aqramuntun yenidən AŞPA sədri seçilməsi ermənilərin maraqlarına cavab vermir. Elə yenidən sədr seçildikdən sonra da Pedro Aqramunt çıxışında Dağlıq Qarabağ münaqişəsinə xüsusi olaraq toxunub. O, ötən ilin aprel ayında Ermənistanla Azərbaycan arasında ağır döyüşlərin baş verdiyini xatırladaraq, bölgədə vəziyyətin təhlükəli olduğunu, hər an alovlana biləcəyini vurğulayıb: "Bizim münaqişələrin həllində rolumuz olduqca əhəmiyyətlidir. Parlament diplomatiyası və dialoqun aparılması vacibdir. Assambleyamız münaqişələrin həll edilməsində öz parlament diplomatiyası potensialından maksimum dərəcədə istifadə etməlidir".
AŞPA-nın baş katibi Torbyorn Yaqland da qış sessiyası çərçivəsində keçirilən plenar iclasda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç də ermənilərin mənafeyinə uyğun gəlməyən mövqe sərgiləyib. Belə ki, Azərbaycanın qurumdakı nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov Avropa Şurasının baş katibinə sualla müraciət edib. Sualında o bildirib: "Avropa Şurası daim Dağlıq Qarabağ münaqişəsinin humanitar aspektləri ilə bağlı narahatlığını bildirib. Bu baxımdan dekabrın 29-da öldürülmüş Azərbaycan hərbi qulluqçusunun nəşinin qaytarılması ilə bağlı son bəyanatınıza görə minnətdarlığımızı bildiririk. Bilirsiniz ki, iki azərbaycanlı mülki şəxs - Dilqəm Əsgərov və Şahbaz Quliyev də Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonu ərazisində 2014-cü ildə girov götürülüb. Onların yaxınları Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. Bu məsələnin humanitar xarakterli olmasını və Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar hallarda presedent hüququnu nəzərə alaraq, Ermənistanı qanunsuz yolla həbs edilmiş azərbaycanlı mülki şəxsləri azad etməyə məcbur etməyin vaxtı çatdığını hesab edirsinizmi?". Torbyorn Yaqland suala cavabında qeyd edib ki, girov götürülmüş iki azərbaycanlı mülki şəxslə bağlı iki il əvvəl Ermənistanın prezidenti ilə danışıb: "O insanlar qaytarılmalıdır. Avropa Şurasının rolu sadə insanların hüquqlarını qorumaqdır. Humanitar məsələlərə gəldikdə isə, baş katib girov götürülmüş insanların geri qaytarılmasının yaxşı jest ola biləcəyini vurğulayıb". Yaqland münaqişələrdə tərəflər arasında gərginliyin azaldılması üçün hər zaman humanitar jestlər etməyin vacibliyini qeyd edib. Baş katib Ermənistan prezidenti ilə görüşü zamanı girovların qaytarılmasında köməyini təklif etdiyini diqqətə çatdırıb: "Bundan əlavə, 29 dekabrda tərəflər arasında baş vermiş atəşkəsin pozulması nəticəsində qətlə yetirilmiş azərbaycanlı əsgərin meyitinin qaytarılması məsələsini qaldırmışam. Bu məsələlərdə biz həmişə xalqların, insanların narahatçılığını əsas götürməliyik. Əlbəttə ki, biz bu münaqişənin sülh yolu ilə həlli yollarını axtaran Minsk prosesinin iştirakçısı deyilik, sülhü bərqərar etmək səlahiyyətində olan təşkilat deyilik. Amma münaqişələrin humanitar tərəflərinə gəldikdə, biz hər zaman öz töhfəmizi verməyə hazırıq. Tərəflər arasında aparılan danışıqlarda onların Azərbaycana təhvil verilməsi əlamətdar bir jest olardı. Münaqişələr məsələsində tərəflər arasındakı gərginliyin azaldılması naminə hər zaman humanitar jestlərə tərəf irəliləmək lazımdır". Bununla, əslində, AŞPA rəhbərliyi Ermənistanın hələ də qeyri-humanist mövqedən çıxış etdiyini vurğulamış olub ki, belə hal həm də İrəvan üçün qurumda daha bir diplomatik zərbə sayılmalıdır.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.