Son iki il ərzində dünyada ciddi narahatlıq predmetinə çevrilən məsələlərdən biri də müxtəlif bölgələrdə gedən sürətli silahlanmadır. Bunu şərtləndirən əsas amillərdən biri Qərblə Rusiya arasında yaranan ziddiyyətdir və belə silahlanma yarışı Azərbaycanın yerləşdiyi Cənubi Qafqaza da təsirsiz ötüşmür.
Bu barədə danışmazdan öncə bildirək ki, Almaniya Xarici İşlər Nazirliyinin hesablamalarına görə, Rusiya-Qərb münasibətlərini kəskinləşdirən Ukrayna münaqişəsi sürətlə silahlanmanı yeni reallığa çevirib. Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer qeyd edir: "Yaranmış vəziyyət müharibə və sülh məsələsini qitəmiz üçün yenidən aktual edib. Avropa yeni sürətlə silahlanma təhlükəsi qarşısındadır. Buna görə də sabitliyi və sülhü möhkəmləndirmək üçün mümkün olan hər şeyi etmək lazımdır".
Almaniya xarici işlər nazirinin mövqeyi ilə ATƏT ölkələrindən onun daha 15 həmkarı razılaşır. Nazirlərin Berlində keçirdikləri görüşdə qəbul etdikləri bəyanatda da bu məsələlər əksini tapıb. Avropanın təhlükəsizlik sisteminin getdikcə öz məzmununu itirməsindən dərin narahatlıq hissi keçirən nazirlər həyəcanlı vəziyyətin səbəbini Ukrayna böhranında görüb. Daha sonra bəyanatın mətnində söhbət Avropanın mövcud təhlükəsizlik rejiminin, o cümlədən "Avropada adi silahlar haqqında" müqavilənin əsasının sarsıdılmasından gedir. 16 nazirin bəyanatında deyilir: "Avropada təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəziyyətin sabitliyinin getdikcə daha çox pozulmasını nəzərə alaraq, biz sabitliyi, ehtiyatlılığı, proqnozlaşdırmanı və yoxlana bilən şəffaflığı bərpa etməyi, bununla da hərbi risqləri azaltmağı son dərəcə əhəmiyyətli sayırıq". Bəyanatın sonunda ATƏT-in qalan üzvlərinə bu təşəbbüsü dəstəkləmək və Avropada adi silahlar üzərində nəzarət məsələlərinə dair konstruktiv dialoqa başlamaq çağırışı yer alıb.
Qeyd edək ki, hələ 1991-ci ildə NATO və "Varşava bloku" arasında "Avropada adi silahlar haqqında" müqavilə imzalanıb. Bu, iki hərbi blok arasında Avropa qitəsində adi silahların (tank, zirehli texnika, artilleriya qurğuları, hərbi təyyarə və hücum helikopterləri) yerləşdirilməsini tənzimləyən mühüm sənəd idi. Müqavilə 1992-ci ilin noyabrında rəsmən qüvvəyə minəndə artıq "Varşava bloku" və SSRİ dağılmışdı. Keçmiş SSRİ-nin silah kvotası isə yeni müstəqil ölkələr arasında bölündü və onlar müqavilə üzrə "Cinah sazişi"nə qoşuldular. Odur ki, müqavilənin yeni reallıqlara uyğunlaşdırılmış yekun variantını 1999-cu il noyabrın 19-da ATƏT-in İstanbul sammitində 30 ölkə, o cümlədən keçmiş sovet ölkələrindən Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Azərbaycan, Ermənistan və Qazaxıstan imzalayıb.
Onu da qeyd edək ki, müqaviləyə əlavə olunan "Cinah sazişi" ilə Rusiyanın Qafqazda silahlanma limiti göstərilir. Həmçinin, konkret olaraq Rusiyanın Ermənistandakı bazalarında saxlanacaq hərbi texnikanın limiti müəyyən olunub. Rusiyanın müqavilə üzrə kvotası Avropa hissəsində 6350 tank, 11280 zirehli maşın, 7030 artilleriya qurğusu, 3416 hərbi təyyarə və 855 helikopter təşkil edir. Bundan əlavə, Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasında silahın maksimal kvotası da bu müqavilə ilə tənzimlənirdi və Rusiya Ermənistanda maksimum 153 tank, 241 zirehli texnika, 140 artilleriya qurğusu saxlaya bilərdi. Eyni zamanda, müqaviləyə əsasən, Rusiyanın Gümrüdəki hərbi bazasının arsenalı ilə Ermənistanın özünün adi silahlarının toplam həcmi bu ölkənin müvafiq silah kvotasından artıq olmamalı idi. Lakin sonradan Rusiya Qərblə artan ziddiyyətlər fonunda müqavilədən çıxdı. NATO üzvləri, o cümlədən baş katib Yens Stoltenberq Rusiyanın "Avropada adi silahlar haqqında" müqavilə üzrə birgə məşvərət qrupundan çıxmaq qərarından məyus olduqlarını və Kremlin mövqeyində dəyişiklik etməsini istədiklərini bildirdi.
Moskvada isə hələ ötən ildən Avropada adi silahlara nəzarət üzrə yeni sazişin hazırlanması ilə bağlı danışıqlara hazır olduqlarını bəyan etsə də, bu istiqamətdə əməli addım atılmır. Elə bu fonda Moskva indi Ermənistana istədiyi qədər silah-sursat yığır. Hətta ilin sonuna kimi Rusiya Müdafiə Nazirliyi, Ermənistandakı 102-ci baza da daxil olmaqla, cənub istiqamətinə 350 vahid yeni hərbi texnika göndərməsini başa çatdıracaq. Cənub hərbi dairəsinin qoşun hissələri hərbi texnika parkının yenilənməsi çərçivəsində ilin sonuna qədər 350 vahid təyyarə, gəmilər, tanklar və digər zirehli texnika alacaq. Konkret olaraq Rusiya Hava-Kosmik Qüvvələrinin Rostov, Kuban və Krımdakı bazalarına 30 vahid yeni, o cümlədən modernləşdirilmiş Su-30SM qırıcıları və Ka-52 zərbə vertolyotları alınacaq. Qara dəniz və Xəzər donanmalarına 20 vahid gəmi, kater və təchizat gəmiləri daxil olacaq. Quru qoşunları hərbi texnikasının böyük əksəriyyəti, yəni 300 vahidə yaxın texnika isə Rusiyanın separatçı Abxaziya və Cənubi Osetiyadakı, habelə Ermənistandakı hərbi bazalarına göndəriləcək.
Xatırladaq ki, Rusiya durmadan Ermənistandakı hərbi bazasını gücləndirir. Bu ilin əvvəllərində İrəvan yaxınlığındakı Erebuni hava bazasına onlarla zərbə vertolyotu və MiQ-29 qırıcıları yerləşdirilib. Eləcə də Gümrüdəki 102-ci bazanın arsenalı gücləndirilib.
Bundan başqa, "Avropada adi silahlar haqqında" müqavilənin tələbləri Cənubi Qafqazda Ermənistan tərəfindən pozulur. İşğalçı ölkə Azərbaycanın hazırda beynəlxalq nəzarətdən kənarda qalmış ərazilərində silah-sursat yerləşdirir. İndi bu durumda ATƏT ölkələrinin "Avropada adi silahlar haqqında" müqaviləyə nəzarətin gücləndirilməsi istiqamətində təşəbbüsü Ermənistana təzyiqləri artıra bilər. Çünki ermənilər bu müqavilənin şərtlərini yerinə yetirmir.
Nahid SALAYEV