“Qarabağ münaqişəsinin həll prosesinin necə inkişaf edəcəyini Allah da bilmir"
ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Rusiya prezidenti Vladimir Putinin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləməsinə münasibət bildirib. APA-nın xəbərinə görə, o M. Brayza ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın bu addımı necə atdığını anlamadığını deyib.
Onun sözlərinə görə, V. Putin Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın əsas iştirakçı olduğunu sübut etmək istəyirsə, belə addımlar atmamalıdır.
M. Brayza qeyd edib ki, hər iki tərəf - Azərbaycan və Ermənistan danışıqlar masası arxasına qayıdıb, müzakirələr aparmalıdır.
“Dağlıq Qarabağ münaqişəsinin həll prosesinin necə inkişaf edəcəyini Allah da bilmir, mən necə bilə bilərəm?" Bunu da M.Brayza deyib. O qeyd edib ki, ABŞ-ın yeni prezidenti Donald Tramp sülh haqqında fikirləşsə, Dağlıq Qarabağ münaqişəsi həlli istiqamətində irəliləyişə nail olmaq olar: “Lakin biz bilmirik yeni prezidentin başında nə var və o nə düşünür”.
“Prezidentlər və xarici işlər nazirlər görüşmədikləri halda münaqişə dinc yolla həll oluna bilməz”, - deyə M. Brayza qeyd edib.