Fazil Mustafa: "Qarşılığı olaraq Azərbaycan-Türkiyə vahid ordu birlikləri də meydana gələ bilər"
Rusiyanın Ermənistanla vahid ordu birləşmələrinin yaradılması haqda saziş imzalaması ciddi müzakirə olunur. Anlaşmanın Azərbaycan Ordusunun irimiqyaslı təlimləri ilə eyni vaxtda reallaşması heç də təsadüfi sayılmır.
Məlumat üçün deyək ki, birgə ordunun fəaliyyəti ilkin olaraq beş il müddətində nəzərdə tutulur. Bu birləşmənin rəhbəri iki ölkə prezidentləri tərəfindən təyin olunur.
Dinc şəraitdə birləşmiş ordu Ermənistanın Baş Qərargahına tabe olacaq. Müharibə şəraitində isə tabelik birbaşa Rusiya Müdafiə Nazirliyinə keçəcək. Bu, faktiki olaraq, Rusiya ilə Ermənistanın vahid strategiyadan çıxış etməsi anlamına gəlir. Müharibə şəraitində yaşayan ölkə kimi işğalçıya əlavə güc və stimul verir. Bu sazişə adekvat olaraq, Azərbaycan-Türkiyə birgə ordusunun yaradılması ilə bağlı təkliflər səsləndirilir. Bunu nə dərəcədə mümkündür?
Millət vəkili Zahid Orucun sözlərinə görə, ermənilər hər zaman çalışıb ki, ruslar onların əvəzindən Qarabağda vuruşsun: "Bunun üçün də sözügedən sənədi Rusiya-Azərbaycan münasibətlərini korlamaq üçün yetərincə təbliğ edəcək, böyük ehtimalla, bu mənada Azərbaycan və Türkiyəni oxşar addımlar atmaq üçün stimullaşdırmağa çalışacaqlar.
Azərbaycan üçün önəmli olan Rusiya ilə hazırkı dövrdə formalaşan yüksək səviyyəli əlaqələrin qırılmamasıdır. Ermənilər məhz bunu arzulayır. Onlar yenidən Bakı ilə Moskva arasında siyasi konfrontasiyadan istifadə edib Qarabağda Rusiya ordusunu yerləşdirməyə və bununla da azərbaycanlıları səngərdə ruslarla üz-üzə qoymağa cəhd edəcək. Bu yolverilməzdir. Rusiyanın sözügedən qərarı qəti şəkildə Azərbaycan ərazilərinin işğalda saxlanması üçün ermənilərə hərbi yardım və ya onların yerinə vuruşmaq anlamına gəlmir. Ruslar bu dönəmdə Qarabağda ermənilərin əvəzinə savaşmayacaq.
Rusiyanın atdığı addımlar daha böyük hədəflərə yönəlibsə, yəni təkcə Türkiyə deyil, eyni zamanda NATO əleyhinə prosesdirsə, bu, regionda hərbiləşmə prosesini daha da gücləndirəcək və ayrı-ayrı ölkələri alternativlər axtarmağa vadar edəcək. Türkiyə və Azərbaycan arasında ortaq ordunun yaradılması məsələsi parlamentdən də səsləndirilib. Bu, bir tərəfdən, qabaqcıl bir NATO dövlətinin təcrübəsini əxz etməyə imkan verəcək, başqa bir tərəfdən isə, Türkiyə və Azərbaycan vahid təhlükəsizliyi yönündə birgə addımlar atmaq imkanında olacaq. Türkiyənin bölgədə xüsusi olaraq hərbi maraqları var və bu inkarolunmazdır. Hətta Gürcüstan və Azərbaycan Ermənistanın bu addımı qarşılığında başqa ölkələrlə oxşar hərbi birləşmələr yarada bilər".
Millət vəkili Fazil Mustafa isə hesab edir ki, Rusiya-Ermənistan arasında vahid ordunun yaradılması düşmən ölkə ictimaiyyətində də birmənalı qarşılanmayıb: "Ermənistanda bu məsələyə ölkənin müstəqilliyinin əldən getməsi kimi baxırlar. Ancaq məsələyə daha dəqiq izahat vermək çətindir. Çünki erməni hakimiyyəti özünü qorumaq üçün Rusiyanın himayəsində olmağı üstün tutur. Təbii ki, bu, məqbul çıxış yolu deyil. Ermənistan özünü daha güvənli hiss etmək üçün qonşularına qarşı işğalçılıq siyasətindən vaz keçməlidir. Düşmən ölkənin tək yolu budur. Təəssüflər olsun ki, Sarkisyan hakimiyyəti ağıllı yolu seçmir. Ona görə də bu məsələ narahatlıqla izlənir. Məlumdur ki, Azərbaycanla Türkiyə arasında əməkdaşlıq Ermənistanı ciddi narahat edir. Əgər rus-erməni birgə ordusu yaradılırsa, onun qarşılığı olaraq Azərbaycan-Türkiyə vahid ordu birlikləri də meydana gələ bilər".
Məhəmmədəli QƏRİBLİ