Əliyar Həsənsoy: "Meydana gəlmiş bu model artıq dünya ölkələri üçün məqbul inkişaf nümunəsinə çevrilib"
Prezident İlham Əliyev noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxışında qeyd edib ki, Azərbaycan xalqının multikulturalizm ənənələri müxtəlif dinlər, xalqlar arasında sağlam münasibətlərin qurulması baxımından parlaq nümunədir:
"Azərbaycan multikulturalizmə gözəl nümunədir". Prezident vurğulayıb ki, bu il Azərbaycanda "Multikulturalizm ili" elan olunub: "Bu bizim dövlət siyasətimizdir, eyni zamanda, cəmiyyətimizin ümumi ab-havasını əks etdirir".
İlham Əliyev deyib ki, Azərbaycan bir çox beynəlxalq tədbirlər təşkil edir. Onların arasında hər il keçirilən Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu və bu il keçirilmiş BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu yer alır: "Roma Papası Fransiskin sentyabrda Azərbaycana səfəri və multikulturalizm və bizim uğurlarımız barədə bəyanatları bu sahədəki nailiyyətlərimizin mühüm göstəricisi oldu".
Dövlət başçısı qeyd edib ki, Roma Papası Bakıya səfəri zamanı katolik kilsəsini, məscidi ziyarət edib, Azərbaycandakı bütün dini icmaların rəhbərləri ilə görüşüb və Bakıdan, elə bu zaldan bütün dünyaya mədəniyyətlərarası və dinlərarası dialoqun dəyərləri barədə müraciət edib.
Azərbaycan Prezidenti bildirib ki, bu gün dünyada dini və etnik zəmində qarşıdurmalarla müşahidə olunan hadisələr fonunda Azərbaycan multikulturalizmi əldə etdiyi nailiyyətlərdən biri kimi qəbul edir: "Biz insanların təkcə milli və ya dini mənsubiyyətlərinə görə əziyyət çəkdiyini, bu faciələri görürük. Bu bizi çox narahat edir. Ona görə də biz öz gündəliyimizi - uğurlu multikulturalizm gündəliyini təklif edirik. Hesab edirəm ki, Azərbaycanın nümunəsi bunu sübut edir. Biz əməkdaşlıq, qarşılıqlı anlaşma proqramı təqdim edirik".
Prezident deyib ki, bu məsələdə Azərbaycanın rolu, əlbəttə, başlıca olaraq ölkənin ənənələri və tələbatlarına əsaslanır. Çünki Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir, ölkədə dinclik hökm sürür və müxtəlif etnik və dini qrupların nümayəndələri burada sülh və anlaşma şəraitində yaşayır.
"Eyni zamanda bu, dünyaya müraciətdir. Çünki biz təcrid olunmuş ada deyilik və digərləri ilə qonşuluqda yaşayırıq. Buna görə də biz dünyada, o cümlədən regionda bu sahədə müsbət inkişaf görməkdə maraqlıyıq. Bu bizim məntiqi marağımızdır".
Prezident "uğurlu multikulturalizm gündəliyimizi təklif edirik" deyəndə nəyi nəzərdə tutur?
Multikulturalizmlə bağlı araşdırmaların müəllifi olan Əliyar Həsənsoy qəzetimizə açıqlamasında bildirdi ki, multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda, bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olub: "Bu baxımdan da cənab Prezident doğru olaraq Azərbaycan nümunəsi kimi multikulturalizm gündəliyini təklif edib. Hazırda multikulturalizm ölkəmizdə alternativi olmayan həyat tərzidir.
Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və dostluq şəraitində yaşadığı məkan olub. Bu gün Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır.
Ölkəmizin əsrlər boyu bir çox fərqli sivilizasiyaların və mədəniyyətlərin qovuşağında yerləşməsi, Asiya ilə Avropa arasında körpü rolunu oynaması burada mədəniyyət müxtəlifliyinin yaranmasına səbəb olub.
Azərbaycan çoxmillətli, qonaqpərvər bir diyardır. Burada tarixən birgə yaşayan xalqlar, toplumlar özlərini azad, firavan hiss edib, çünki onlar özlərinə həmişə tolerant münasibət görüb, sıxılmadan yaşayıb, yaşayır və mədəniyyətlərini yaşadır. Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dilində danışır, öz dini inanclarına uyğun ibadət edir, milli adət-ənənələrini yaşadır, heç bir ayrıseçkiliklə üzləşmədən müxtəlif sahələrdə fəaliyyət göstərərək, ümumi inkişaf prosesinə öz töhfələrini verir. Bu da onun bariz göstəricisidir ki, Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir. Bu mənada, məzmunca multikultural dəyərlər Azərbaycanda tarix boyu mövcud olub.
Bununla yanaşı, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan edilib. Bütün bunlar bir daha onu sübut edir ki, Azərbaycan multikulturalizm modeli pozitiv sosial təzahür kimi cəmiyyətin inkişafı üçün münbit şərait yaradıb, etnik münaqişələrin qarşısını alıb və müxtəlif xalqlar arasında etimadı möhkəmlədib. Eyni zamanda, cəmiyyətin mədəni müxtəliflik əleyhinə etirazını səngitmək üçün alternativ siyasət kimi meydana gəlmiş bu model artıq dünya ölkələri üçün məqbul inkişaf nümunəsinə çevrilib. Hesab edirəm ki, Prezident tədbir iştirakçılarına olduqca səmərəli, öyrənilməsi vacib olan bir təklif edib".
Məhəmmədəli QƏRİBLİ