Qulu İsmayılov: "Ermənistanı səfalət və dilənçilikdən yalnız işğalçı siyasətindən əl çəkmək qurtara bilər"
Ermənistan parlamentində Müdafiə Nazirliyinin təklifi ilə gündəmə gətirilən "Ermənistan Respublikasının müdafiəsi zamanı həyatı və sağlamlığına dəyən zərərin ödənilməsi haqqında" qanun layihəsi ətrafında qızğın müzakirələr gedir.
Qanun layihəsinə görə, hər bir işləyən vətəndaşın məvacibindən, vergilərdən başqa, ayda 1000 dram (təxminən 2 dollar) pul tutulacaq. Xüsusi fondda toplanan bu vəsaitdən 2017-ci il yanvarın 28-dən sonra ölən və birinci dərəcəli əlil olan hərbçilərin ailələrinə 10 milyon dram (təxminən 21 min dollar) məbləğində birdəfəlik ödəmələr ediləcək, ikinci qrup əlillərin ailələrinə 5 milyon dram ödənəcək. Bundan başqa, hərbçilər aylıq ödəmələr alacaq.
Qanun layihəsinin təşəbbüsçüsü olan Ermənistan müdafiə naziri Vigen Sarkisyan döyüşdə əlil olan və ölən hərbçi və hərbçi ailələrinə aylıq sığorta ödəmələri də ayrılacağını bildirib. Birinci dərəcəli əlil və həlak olan zabit ailələri ayda 300 min dram (625 dollar), serjantlar 250 min, sıravi əsgərlər 200 min dram alacaq.
İkinci dərəcəli əlillərə, hərbi statusundan asılı olaraq, zabitlərə 250 min, serjantlara 200 min, əsgərlərə 150 min dram aylıq ödəmə veriləcək.
Müxalifət deputatları hökumətin ordu üçün vətəndaşlardan hər ay 1000 dram tutmaq təşəbbüsünü "sinizm" və "dilənçilik" adlandırıb.
Müxalif "İrs" fraksiyasının rəhbəri Zaruhi Postancyan hökumətin bu addımını vergi yükünün artırılması kimi səciyyələndirib. "İctimaiyyət vergi yükünün 1000 dram artırılması ilə razı deyil. Bəsdir dilənçiliklə məşğul olmaq, xalqımızdan 1000 dram diləmək", - öz çıxışında Z.Postancyan deyib.
Xanım Postancyanın sözlərinə görə, 1000 dram böyük məbləğ olmasa da, ölkə əhalisinin 35 faizi yoxsulluq səviyyəsindən aşağı yaşadığı halda, bir çox ailə üçün bu, az pul deyil.
Müxalif Erməni Milli Konqresi fraksiyasının rəhbəri Levon Zurabyanın sözlərinə görə, hökumətin bu addımı "sadəcə, insanların hissləri ilə oynamaq və bu pərdə altında müxtəlif cür əlavə vergilər qoymaqdır".
Ermənistanın bu addımını necə dəyərləndirmək olar?
İqtisadçı Qulu İsmayılov qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistanda səfalətin hökm sürdüyü hamıya bəllidir: "Bir müddət əvvəl biz Ermənistanın dövlət borcu ilə bağlı araşdırma apardıq. Məlum oldu ki, Ermənistanın borcu ümumdaxili məhsulun həcmini bir neçə dəfə üstələyir. Bu da, faktiki olaraq, iqtisadiyyatın defolt halına gəlməsi anlamını daşıyır. Bilirsiniz ki, Ermənistan hakimiyyətinin yürütdüyü işğalçı siyasət ucbatından ölkə bütün layihələrdən kənarda qalıb. Təbii sərvətləri olmayan ölkənin iqtisadiyyatı dirçəltmək perspektivi yoxdur. Əhali çıxış yolunu ölkəni tərk etməkdə görür. Bu cür çətinliklərə baxmayaraq, ölkə müharibədən də əl çəkmir. İşğal altında xeyli ərazi saxlayır. Məhz bu səbəbdən də son ümid yerləri dilənməyə qalıb. Onsuz da aşağı olan əməkhaqlarından müəyyən faiz tutmaqla vəziyyətdən çıxış yolu axtarırlar. Bunun adı dilənçilikdir. Tutulan 1000 dramla da problem həllini tapan deyil. Ermənistanı səfalət və dilənçilikdən yalnız işğalçı siyasətindən əl çəkmək qurtara bilər".
Məhəmmədəli QƏRİBLİ