Qabil Hüseynli: "ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın son addımları daha çox mövcud status-kvonun saxlanmasına istiqamətlənib"
Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putin ölkəsi ilə Ermənistan arasında birləşmiş hərbi dəstələrin yaradılması barədə anlaşma layihəsinin imzalanmasına dair göstəriş verib.
O, Müdafiə Nazirliyinə tapşırıb ki, Xarici İşlər Nazirliyinin də iştirakı ilə İrəvanla danışıqlar aparsın və anlaşmaya müvafiq olaraq, Rusiya Federasiyası adından sənədə imza atsın. İddialara görə, iki ölkə arasında birləşmiş hərbi dəstələrin yaradılmasında məqsəd Qafqaz regionunda təhlükəsizliyin təmin olunmasıdır.
Bu birləşmələr tərəflərdən hər hansı birinə silahlı hücum və ya yarana biləcək digər təhlükələrə qarşı adekvat reaksiya göstərməlidir.
Belə bir sazişin təsdiqlənməsi Rusiyanın Azərbaycandakı nüfuzuna necə təsir edəcək? Bu amil Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli prosesini uzada bilərmi?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləməsi çox təhlükəli bir tendensiyadır, Cənubi Qafqazı təhdid edən bir situasiya yaradır: "Ermənistan Rusiya tərəfindən kifayət qədər silahlandırılır. Ermənistanın hava hücumundan müdafiə sistemi bütünlüklə Rusiyaya tabe etdirilib və hava hücumundan müdafiə sisteminin qurulması Rusiya mütəxəssisləri tərəfindən aparılır. Ermənistanın sərhədlərini onsuz da Rusiya qoşunları qoruyur. Ermənistanın əksər zavodları da borc əvəzində Rusiyanın ixtiyarına keçib. Faktiki olaraq, Ermənistan suverenliyini itirə-itirə gedir. İndi isə qoşunların birləşmiş qruplaşmasının yaradılması adı altında qoşunların birləşdirilməsi prosesi gedir. Yəni Ermənistan qoşun birləşmələri ilə Rusiya qoşun birləşmələri vahid kontingentdə birləşir. Guya birləşmiş qoşunların komandanlığı Ermənistana tapşırılır, amma müharibə zamanı bu prosesə Rusiya rəhbərlik edir. Qısası, vəziyyət çox gərgindir. Bu addımlar Cənubi Qafqazı təhdid edən bir şəraitin formalaşmasına şərait yaradır. Təbii ki, belə hal Rusiyanın Azərbaycanda olan nüfuzuna da xələl gətirir. Çünki münaqişənin tənzimlənməsilə məşğul olan bir ölkə neytralitetini qorumalıdır. Burada isə açıq tərəfkeşlik nəzərə çarpır".
Politoloqun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın son addımları daha çox mövcud status-kvonun saxlanmasına istiqamətlənib: "2-5 aprel hadisələrindən sonra Azərbaycana vədlər verilməsinə baxmayaraq, bu vədlərin üzərindən sükutla keçildi. İndi isə Rusiyanın yaxından iştirakı ilə regionda hərbi eskalasiya meylləri artır. Bu çox təhlükəli bir tendensiyadır. Onlar iddia edir ki, bu qoşunlar Dağlıq Qarabağ ərazisinə getməyəcək. Amma Dağlıq Qarabağda qulluq edən hərbçilər Ermənistan hərbçiləridir. Dağlıq Qarabağdakı hərbi hissələr Rusiyanın Ermənistana verdiyi silahlarla təchiz olunur. Bunlar hamının bildiyi reallıqlardır. Bu da sülh prosesinin uzadılmasına xidmət edəcək".
Məhəmmədəli QƏRİBLİ