Mübariz Əhmədoğlu: "Bütün məsələlərdə günahkar ermənilərdir"
Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmayınca, münaqişənin sülh yolu ilə həlli mümkün deyil. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İspaniyanın EFE agentliyinə müsahibəsində deyib.
XİN rəhbəri bildirib ki, Ermənistan bu reallığı dərk edərsə və öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxararsa, münaqişə tezliklə həll olunar.
E.Məmmədyarov əlavə edib ki, hazırda Ermənistan nəinki BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərini yerinə yetirmir, münaqişənin mahiyyətindən yayınmaq üçün silahlı təxribatlara əl atır.
O bildirib ki, münaqişə nəticəsində Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib və ölkə əhalisinin hər doqquz nəfərindən biri qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: "Ermənistan Azərbaycana qarşı müharibəyə başlamasına, ölkəmizə qarşı gücdən istifadəyə, onun ərazilərinin işğalına, işğal olunmuş ərazilərdə etnik təmizləmə və digər ağır cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyır".
Nazir vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq münaqişənin həlli Ermənistana və onun əhalisinə əməkdaşlıq perspektivləri və iqtisadi inkişafdan faydalanmağa imkan yaradacaq.
E.Məmmədyarovun münaqişənin həllinə mane olan detalları sadalaması və belə olan şəraitdə sülh danışıqlarının perspektivsizliyi haqda dediklərinə necə yanaşmaq olar?
Politoloq Mübariz Əhmədoğlu hesab edir ki, erməni hökuməti sülh danışıqlarının pozulmasında və qoşunların təmas xəttində təxribat törətməkdə maraqlıdır: "Əlbəttə, düşmənin məqsədi müharibəni yenidən başlatmaq deyil. Çünki erməni tərəfi hərbi əməliyyatlara başlayacağımız təqdirdə məhv olacağını yaxşı dərk edir. Bəs onda nəyə görə atəşkəsi tez-tez pozurlar? Səbəbi odur ki, cəbhə xəttində gərginlik yaradan erməni tərəfi bölgədə nəzarət-monitorinq sistemlərinin qurulmasını istəyir. Bu baxımdan da xarici işlər nazirinin açıqlamasına haqq qazandırmaq olar. Təbii ki, belə olan şəraitdə münaqişənin sülh yolu ilə həlli perspektivləri azdır.
ATƏT-in Minsk Qrupunun fəallaşmasının, regiona səfərlər təşkil etməsinin bizim üçün heç bir xeyri yoxdur. Vasitəçilər ilin sonu olduğu üçün formal şəkildə aktivliyini artırıb. Həmsədrlər ilin sonunda gördükləri işlə bağlı yekun raport hazırlamaq və quruma təqdim etmək üçün bu cür səfərlər həyata keçirməyə məcburdur. Həmsədrlər görüntü yaratmaqla məşğuldur. İndi də deyirlər ki, dekabrın 8-9-da Almaniyanın Hamburq şəhərində ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasında münaqişə tərəflərini görüşdürəcəklər. Ola bilsin həmsədrlər xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşsün. Amma bu görüşlərin hamısı mahiyyətcə mənasızdır. Çünki bütün cəhdlər hesabat xatirinədir. Həmsədr dövlətlərin sonuncu açıqlaması da göstərir ki, vasitəçilər münaqişəni həll etmək iqtidarında və marağında deyil. Azərbaycan tərəfi açıq şəkildə görüşə hazır olduğunu bəyan edir. Amma düşmən ölkə danışıqdan qaçır. Niyə vasitəçilər prosesi kimin pozduğunu etiraf etmir? Bütün məsələlərdə günahkar ermənilərdir".
Məhəmmədəli QƏRİBLİ