Aqşin Əliyev: "Azərbaycan tərəfi çox haqlı olaraq önə torpaqların işğaldan azad edilməsi faktorunu çəkir" "Hesab edirəm ki, bu mövqedən sonra beynəlxalq qurumlar bir daha deyilən mövzunun üzərinə gəlməməlidir"
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Şurasının baş katibi T.Yaqlandın Avropa Şurası Parlament Assambleyasının payız sessiyasındakı çıxışına münasibət bildirərkən deyib ki, münaqişənin fundamental əsasını təşkil edən işğal faktı aradan qaldırılmadan AŞ-nin monitorinq mexanizminin tətbiq olunması hər hansı faydalı nəticə verə bilməz.
Qeyd edək ki, T.Yaqland AŞ-nin monitorinq missiyalarının münaqişə zonalarına səfər zərurəti barədə danışıb.
H.Hacıyev bildirib ki, ilk növbədə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə mane olan işğal və təcavüz faktı aradan qaldırılmalı və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır: "Xatırlatmaq istərdik ki, AŞPA-nın 2000-ci il tarixli 221-saylı rəyinə əsasən, Ermənistan AŞ-yə üzvlüyü çərçivəsində münaqişənin həlli ilə əlaqədar öz üzərinə öhdəliklər götürüb. Münaqişənin həllinə töhfə vermək məqsədilə AŞ məhz bu öhdəliklərin Ermənistan tərəfindən icrasını və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsini tələb etməlidir".
Yaqlandın AŞ-nin monitorinq mexanizminin tətbiq olunması istəyi nə ilə bağlıdır?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, Azərbaycan rəsmi olaraq Yaqlandın tələbinə mənfi münasibət bildirməsi ilə haqlı mövqe nümayiş etdirib: "Bilirsiniz ki, Avropa Şurası heç də üzərinə düşən bütün öhdəlikləri lazımınca yerinə yetirmir. Ən başlıcası isə, ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşdığını bəyan edir, bunu öz nizamnaməsinə salır, ancaq üzv ölkədən birinin digərinin torpağını işğal etməsinə göz yumur. Ən əsası isə, təsirli mexanizmlərə əl atmır. Biz bunu başqa beynəlxalq təşkilatların da simasında görürük. Son zamanlar fikir verirsinizsə, fərqli formatlar təklif olunur, çətin anlaşılan terminlərdən istifadə edilir. Sanki bununla baş qatmaq istəyirlər. İşğal faktından narahat olmadıqlarını bir daha nümayiş etdirmiş olurlar. Monitorinq missiyası nə yeniliyə imza ata bilər? Bir vaxtlar da snayperlərin cəbhə xəttindən yığışdırılmasını tələb edirdilər. Siz qəribə paradoksa bir baxın. Torpağın işğaldan azad olunmasını tələb etmirlər, ancaq snayperlər bunları narahat edir. Monitorinq missiyası ilə bağlı təkidli tələb də məhz buna bənzəyir. Azərbaycan tərəfi çox haqlı olaraq önə torpaqların işğaldan azad edilməsi faktorunu çəkir. Hesab edirəm ki, bu mövqedən sonra beynəlxalq qurumlar bir daha deyilən mövzunun üzərinə gəlməməlidir".
Məhəmmədəli QƏRİBLİ