Moskvanın Suriya səhnəsinə qayıtmağa hazırlaşdığı iddiaları regionda yenidən hərəkətliliyi artırıb. İsrail dövlət televiziyası KAN, Moskvanın Dəməşqə Suriyanın cənubuna patrul xidməti göstərmək üçün yenidən rus hərbçilərinin göndərilməsini təklif etdiyini bildirib.
Bildirilir ki, Moskva Suriyanın cənubunda bufer zona yatmaq niyyətindədir. Təklif, faktiki olaraq, bölgədə İsrail qüvvələri ilə Suriya ordusu arasında bufer zona yaradılmasını nəzərdə tutur.
Rusiya hərbi polisi Bəşər Əsəd rejiminin süqutundan əvvəl Suriyada yerləşdirilib. Məlumata görə, Moskva son aylarda köhnə patrul xidmətini bərpa etmək üçün Dəməşqə rəsmi təkliflər verib. Suriya hökumətinə yaxın bir mənbə Rusiya hərbi nümayəndə heyətinin bu yaxınlarda ölkəyə səfərini təsdiqləyib. Mənbə bildirib ki, bu əlaqə Moskvanın cənubda patrul xidmətlərinin bərpası təklifinin bir hissəsidir. Eyni mənbə Dəməşqin təklifi müzakirə etdiyini, lakin hələ cavab vermədiyini bildirib.
KAN-a açıqlama verən başqa bir Suriya mənbəsi, Suriyanın cənubunda Rusiyanın hərbi mövcudluğunun, İsraillə Suriya arasında müzakirə edilən təhlükəsizlik sazişinə daxil edilməsinin mümkünlüyünə diqqət çəkib və bunun istisna edilmədiyini deyib.
İsrailin Baş naziri Benyamin Netanyahunun bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinlə danışdığını xatırladan kanal, Təl-Əvivin keçmişdə Rusiyanın Suriyada hərbi mövcudluğuna qarşı çıxmadığı da qeyd edib.
KAN-ın Suriya ilə bağlı başqa bir xəbərində isə İsrail və Suriya arasında təhlükəsizlik sazişi danışıqlarının dalana dirəndiyi bildirilir. İsrail mənbələrinə görə, Dəməşq hökuməti Əsəd rejiminin devrilməsindən sonra İsrail tərəfindən ələ keçirilən bütün ərazilərdən geri çəkilmək tələblərini qəbul etməyib. Geri çəkilmənin yalnız müəyyən ərazilərdə mümkün olacağını bildirən Dəməşq bunu "hərtərəfli sülh sazişi" ilə şərtləndirib.
Belə bir sülh sazişi isə hazırda mümkünsüz görünür. İsrailin yeni ərazilər ələ keçirmək iddiaları və Qəzzadakı vəziyyət bölgədə gərginliyi daha da artırıb.
TAHİR