Azərbaycan Prezidentinin Budapeşt Türk Zirvəsində əsas çağırışlarından biri Türk İnvestisiya Fondunun gücləndirilməsi barədə oldu. Təsəvvür edək ki, bir neçə yüz milyard dollarlıq ÜDM-yə malik olan Türk dünyası üçün bir güclü ümumi maliyyə fondunun yaradılmasından söhbət gedir. Yaradılsa, nə baş verəcək?
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
“Sualın ən dəqiq cavabı həmin Fondun hələ fəaliyyətə başlamadığı indiki dövrdə bunun nə kimi ziyanlar vurmasındadır. Bir neçə həftə əvvəl Mərkəzi Asiya - Avropa Birliyi zirvəsində Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Orta Asiya dövlətlərinə 12 milyard avro yardım paketi ayrılacağını dedi. Məhz həmin bəyanatdan dərhal sonra Orta Asiyanın bəzi Türk Dövlətləri Türk Kipr Respublikasının əleyhinə olan beynəlxalq sənədə səs verdilər... Yəni faktiki olaraq, yunan Kiprini dəstəklədilər.
Əgər bu dövlətlərin özlərinin güclü maliyyə fondu olsaydı, Orta Asiya Türk Dövlətləri Türk Kiprini Avropanın ayağına verməzdilər. Pul verən musiqini də sifariş edir...
İlham Əliyevin Macarıstanda yenidən aktuallaşdırdığı Fond məsələsinin uzaq hədəfi məhz bu təhlükələrin qarşısını almaq üçündür...”
Tahir TAĞIYEV