ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında 2 saat davam edən telefon danışığı olub.
ABŞ Prezidenti danışıqların çox yaxşı keçdiyini deyib: “Rusiya və Ukrayna dərhal atəşkəs və daha da vacibi, müharibəyə son qoymaq üçün danışıqlara başlayacaqlar. Bu şərtlər iki tərəf arasında müzakirə olunacaq, çünki danışıqların heç kimin bilmədiyi təfərrüatlarını yalnız onlar bilir. Görüşün tonu və ruhu mükəmməl idi. Əgər belə olmasaydı bunu indi deyərdim, sonra deyil”.
Tramp Putinlə ticarət mövzusunu da müzakirə etdiklərini deyib. O, bildirib ki, Rusiya bu fəlakətli müharibə bitdikdən sonra ABŞ-la genişmiqyaslı ticarət sövdələşməsi etmək istəyir: “Mən də bu fikirdəyəm. Rusiya üçün çox sayda iş yerləri yaratmaq və gəlir əldə etmək üçün böyük imkanlar var. Onların potensialı qeyri-məhduddur. Eyni şəkildə, Ukrayna da öz ölkəsinin yenidən qurulması prosesində ticarətdə böyük bir fayda əldə edə bilər”.
Tramp bildirib ki, Rusiya ilə Ukrayna arasında danışıqlar tezliklə başlayacaq: “Putinlə danışdıqdan dərhal sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenə, Fransa Prezidenti Emmanuel Makrona, İtaliyanın Baş naziri Corciya Meloniyə, Almaniya Kansleri Fridriks Mersə və Finlandiya Prezidenti Aleksandr Stubba bununla bağlı məlumat verdim. Papanın təmsil etdiyi Vatikan da danışıqlara ev sahibliyi etməkdə çox maraqlı olduğunu bildirdi”.
Kreml də açıqlama yayaraq Trampın Rusiya ilə münasibətlərin gələcəyinə son dərəcə emosional qiymət verdiyini bildirib. Putinin müşaviri Yuri Uşakovun verdiyi açıqlamaya görə, iki lider sanksiyalar və ikitərəfli ticarət əlaqələri kimi mövzuları ətraflı müzakirə ediblər. Uşakov, Trampın Rusiyanı ABŞ-ın ən mühüm ticarət və iqtisadi tərəfdaşlarından biri olaraq gördüyünü ifadə edib: “Tramp bildirib ki, Senatda yeni sanksiyalarla bağlı qanun layihəsi hazırlanır, lakin o, sanksiyaların deyil, qarşılıqlı razılaşmanın tərəfdarıdır”.
TAHİR