Tural İsmayılov: “XIV Leonun ilk səfəri Türkiyənin dinlərarası dialoq və sülh diplomatiyasındakı aparıcı rolunu beynəlxalq ictimaiyyətə təqdim edir”
Roma Papası XIV Leonun ilk səfər edə biləcəyi ölkələr bəlli olub. Türkiyə mediasının yaydığı məlumata görə, Roma Papası XIV Leo ilk olaraq Türkiyəyə səfər edəcək.
Məlumata görə, Roma Papasının səfərinin məqsədi Birinci İznik Şurasının 1700 illiyi ilə bağlı keçiriləcək tədbirdə iştirak etməkdir.
“Türkiyə həm İslam dünyasının aparıcı güclərindən biri, həm də Avropa ilə Şərq arasında körpü funksiyasını yerinə yetirən nadir dövlətlərdəndir”
Məsələ barədə fikir bildirən siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Roma Papası XIV Leonun ilk səfərini Türkiyəyə etməsi təsadüfi deyil, bu, dərin simvolik və strateji anlam daşıyır: “Türkiyə sivilizasiyaların kəsişdiyi, dinlərarası dialoqun mərkəzinə çevrilən unikal bir coğrafiyadır. Birinci İznik Şurasının keçirildiyi torpaq kimi, xristian tarixinin fundamental məqamlarından birinə ev sahibliyi edən Türkiyə Vatikan üçün həm tarixi yaddaş, həm də müasir dini münasibətlər baxımından açar ölkədir. İznik Şurasının 1700 illiyi təkcə dini deyil, həm də siyasi simvoldur və Roma Papası bu zəmin üzərindən Qərb-Şərq münasibətlərini yenidən formatlamağa çalışır. Türkiyə həm İslam dünyasının aparıcı güclərindən biri, həm də Avropa ilə Şərq arasında körpü funksiyasını yerinə yetirən nadir dövlətlərdəndir. Bu baxımdan, Papa XIV Leo üçün Ankaraya və İznikə gedən yol, həm dinlərarası dialoqu gücləndirmək, həm də Vatikanın qlobal səhnədəki yumşaq gücünü artırmaq üçün ideal bir başlanğıcdır. Türkiyənin sabitliyi və regional liderliyi də Papalığın sülh və barış mesajlarını yaymaq üçün əlverişli platforma yaradır. Roma Papasının ilk səfəri vasitəsilə Vatikan təkcə dini deyil, mədəni və siyasi mesajlar da verir. Türkiyə bu mesajların eyni anda ünvanlana biləcəyi nadir ölkələrdən biridir. Katolik dünyasının rəhbərinin bu seçimi həm Vatikanın Şərq siyasətinə, həm də Türkiyənin artan geosiyasi əhəmiyyətinə işarədir. Türkiyənin çoxmədəniyyətli cəmiyyəti və tarixi irsi bu siyasətin tətbiqi üçün münbit zəmin yaradır. İznikdə keçiriləcək tədbir isə dini tarixlə siyasi gələcəyin kəsişməsinə çevriləcək. Roma Papası bu gedişi ilə Türkiyənin beynəlxalq nüfuzunu bir daha vurğulayır. Beləliklə, XIV Leonun ilk səfəri Türkiyənin dinlərarası dialoq və sülh diplomatiyasındakı aparıcı rolunu beynəlxalq ictimaiyyətə təqdim edir”.
Günel CƏLİLOVA