İstənilən cəmiyyətin, dövlətin inkişafında ideyanın, ideologiyanın rolunu qiymətləndirməmək olmaz.
Əhalinin əksəriyyəti tərəfindən qəbul edilmiş milli ideyaya əsaslanan düzgün qurulmuş ideoloji strategiya milli təhlükəsizliyi təmin etməyə, suverenliyi qorumağa, iqtisadiyyatı və vətəndaş cəmiyyətini inkişaf etdirməyə qadir olan güclü dövlətin qurulmasının mümkünlüyünün əsasını təşkil edir.
İdeoloji sabitlik istənilən dövlət, cəmiyyət üçün həmişə aktualdır
Öz növbəsində, ideoloji boşluq, bu işdəki təhriflər, süni şəkildə tətbiq edilən ideallar onların nəinki əhali tərəfindən rədd edilməsinə, həm də gözlənilməz siyasi nəticələrə gətirib çıxarmağa qadirdir. Bu baxımdan ən aşkar təcrübə keçmiş SSRİ-nin təcrübəsidir. belə ki, ən ağır iqtisadi və siyasi şəraitdə fövqəldövlətin meydana çıxmasına böyük dərəcədə səriştəli ideoloji siyasət kömək etdi. Elan edilmiş sülh, bərabərlik, qardaşlıq və planetdə ilk sosial ədalətli dövlətin qurulması ideyaları əhali arasında dəstək tapdı və sovet xalqı bu dəyərləri nəhəng qurbanlar bahasına da olsa müdafiə etməyə hazır olduğunu göstərdi. Bunun bariz təsdiqi bunlardan biri İkinci Dünya Müharibəsində qələbə idi. Eyni zamanda, sovet dövləti ideologiyasının səhvi 1917-ci ilin oktyabrına qədər baş verən hər şeyi, o cümlədən müsbət tarixi, mənəvi və hərbi keçmişi tamamilə inkar etmək idi. Bu, ən çox İkinci Dünya Müharibəsinin kritik anlarında özünü büruzə verdi.
Öz növbəsində SSRİ-nin dağılması həm də dövlətin süqutuna səbəb olan daxili və xarici təhlükələrə tab gətirə bilməyən sovet ideologiyasının durğunluğunun və süqutunun nəticəsi idi. Məlum faktdır ki, Birləşmiş Qərargah Rəisləri Şurasının 1995-ci il oktyabrın 24-də keçirilən iclasında ABŞ prezidenti Bill Klinton demişdi: “SSRİ-nin ideoloji əsaslarını sarsıtmaqla, Amerikanın dünya hökmranlığı uğrunda əsas rəqibi olan dövləti qansız-qadasız aradan götürə bildik”. Böyük Britaniyanın baş naziri Marqaret Tetçer də 1991-ci ildə Amerika Neft İnstitutunun iclasında “SSRİ-nin dağılması” ilə bağlı çıxışında qeyd edirdi: “Sovet İttifaqı Qərb dünyasına ciddi təhlükə yaradan ölkədir. Mən hərbi təhlükədən danışmıram. Mən iqtisadi təhlükəni nəzərdə tuturam... Sovet İttifaqının bizi dünya bazarlarından sıxışdırıb çıxarmaq üçün çox real imkanları var idi. Ona görə də biz həmişə Sovet İttifaqının iqtisadiyyatını zəiflətməyə, ona daxili çətinliklər yaratmağa yönəlmiş addımlar atmışıq. SSRİ-də əhali arasında kütləvi narazılıq yaradacağını gözləyirdik... İndi Sovet İttifaqının de-fakto dağılması baş verdi. Sizi əmin edirəm ki, yaxın bir ay ərzində siz Sovet İttifaqının dağılmasının qanuni şəkildə rəsmiləşdirilməsindən xəbər tutacaqsınız. Onun ideoloji əsasları sarsılıb”. Beləliklə, ideoloji sabitlik məsələləri istənilən dövlət, o cümlədən Azərbaycan üçün həmişə aktualdır. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyası bu mənada müstəsna önəmə malikdir. Azərbaycançılıq termininin yaranmasında əsas ideologiya ölkədə yaşayan müxtəlif etnik qrupları və xalqları dövlətin ümumi mənafeyi ətrafında birləşdirmək məqsəindən qaynaqlanır. Belə ki, bu terminin işlədilməsi əsasən Sovetlər birliyindən sonrakı dövrə rast gəlinsə də sözügedən ideologiyasının müstəqillik illərində daha öncə ölkədə yaşayan müxtəlif xalqların, millətlərin fərqli mədəniyyətləri və adət-ənənələrini qoruyub saxlayaraq xalqların mədəni müxtəlifliyini həm müdafiə, həmçinin birgə inkişaf etdirmək dövlətin inkişafı istiqamətində atılmış bir addım kimi böyük rol oynamışdı. İndiki halda azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır. Eyni zamanda bu, ölkənin, cəmiyyətin tərəqqisinin məhək daşlarından biidir.
Azərbaycançılıq ideologiyası bundan sonra da ölkənin tərəqqisinə xidmət edəcək
Məlumdur ki, hər bir dövlətin ideologiyasının özəyini milli ideya təşkil edir. Bir çox ölkələr üçün bu ideya xalqların öz müqəddəratını təyin etmək, müstəqillik əldə etmək istəyidir. Bəzi xalqlar bu fonda suverenlik uğrunda mübarizədən əziyyət çəkib. Buna misal olaraq ispan hökmranlığından müstəqillik uğrunda mübarizə nəticəsində yaranmış Latın Amerikası ölkələrini göstərmək olar.
Azərbaycan belə çətinliklə üzləşmədi, ölkəmiz obyektiv şəraitin - SSRİ-nin dağılması nəticəsində real müstəqilliyə nail oldu. Amma SSRİ-nin ləğvindən sonra bir çox digər postsovet respublikaları kimi Azərbaycan da ideoloji çöküş vəziyyətinə düşdü. Yaşlı insanlar böyük bir ölkənin dağılmasından acı və məyusluq, laqeydlik və gələcək həyat qorxusu yaşadılar. Gənc nəsil daha da pis vəziyyətə düşdü - köhnə ideallar itirildi, yeniləri formalaşmadı və təhrif olunmadı. Bununla əlaqədar olaraq, gənc Azərbaycan dövlətinə təcili olaraq yaranan ideoloji boşluğu doldurmalı, dövlət quruculuğunu davam etdirməyin mümkünlüyü üçün ideologiya lazım idi. Bu, həm də ona görə lazım idi ki, ümumi əxlaqın tənəzzülün, öz xalqının adət-ənənələrinə etinasızlığın, psevdomədəni Qərb cərəyanlarına aludəçiliyin qarşısının alınması üçün də mühüm idi. Azərbaycançılıq ideologiyası bu mənada xalqımızın həyatında böyük rol oynadı. Bunun fonunda xalqın rifah halının, həyat səviyyəsinin və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində səyləri də təbii qarşılandı. İctimai şüurda “dövlət mənə borcludur” mənfi stereotipləri üstünlük təşkil etmədi. Bu da ətalət və ölkənin taleyinə biganəlik, hakimiyyət institutlarına müxalifət, sosial asılılıq problemi yaratmadı. Bu gün siyasi baxışlarından asılı olmayaraq, hamı etiraf edir ki, Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik ölkənin ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Xalqın nəzərində bütöv, milli şəxsiyyət kimi təcəssüm olunan Heydər Əliyev dühası Azərbaycana ikinci rəhbərliyi dövründə vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdidi, bu siyasi xətti özünün konkret addımları ilə elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırdı. Bunun nəticəsi olaraq 2020-ci ildə 44 günlük müharibə dövründə Azərbaycan xalqının bir an belə dayanmadan necə vahid bir gücə çevrildiyinin və böyük əzm ilə vətəndaş borcunu göstərərək müzəffər orduya rəhbərlik edən Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək “Dəmir Yumruğa” çevrildiyinin şahidi olduq. Elə Qarabağ iqtisadi rayonunda Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirlərinə xalqın dəstəyi də bunun daha bir təzahürü oldu. Azərbaycançılıq ideologiyası bundan sonra da ölkənin tərəqqisinə xidmət edəcək.
Tahir TAĞIYEV Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.