Azər Həsrət: "Avropanın əsl siması budur – üzdə bir şey deyirlər, arxada başqa iş görürlər"
Almaniya hökuməti Aşağı Saksoniyadakı Framatome şirkətinin törəməsi ANF zavoduna Rusiyanın "Rosatom" korporasiyasının lisenziyası ilə Rusiya tipli nüvə yanacağı elementləri istehsal etməyə icazə verib. Bu yanacaq elementləri Çexiya, Macarıstan və Bolqarıstandakı sovet texnologiyalı AES-lər üçün nəzərdə tutulub.
Layihə ciddi təhlükəsizlik şərtləri ilə təsdiqlənib: "Rosatom" əməkdaşlarının zavoda girişi məhdudlaşdırılacaq, Rusiya mənşəli avadanlıq və proqram təminatı isə müəssisənin İT sistemindən təcrid ediləcək.
Qərar Almaniyada siyasətçilər, ekoloqlar və vətəndaş cəmiyyəti tərəfindən kəskin tənqid olunub. Tənqidçilər hesab edirlər ki, bu əməkdaşlıq Rusiyanın Avropadakı təsirini gücləndirə, casusluq və təhlükəsizlik risklərini artıra bilər.
Siyasi şərhçi Azər Həsrət bildirib ki, Avropa ölkələri bir tərəfdən Rusiyaya qarşı sanksiyalar tətbiq etsələr də, digər tərəfdən Moskva ilə müxtəlif sahələrdə əməkdaşlığı davam etdirirlər. Onun sözlərinə görə, bu, Avropanın siyasətində ikili standartların göstəricisidir.
"Bakı-Xəbər" qəzetinə açıqlama verən Azər Həsrət deyib ki, Rusiyanın Avropada geniş casusluq və təsir şəbəkəsi mövcuddur. Onun fikrincə, son illərdə bu şəbəkənin imkanları zəifləsə də, Fransa, Almaniya və digər Avropa ölkələrində, o cümlədən siyasi dairələrdə Kremlə bağlı şəxslər hələ də fəaliyyət göstərir.
Şərhçi iddia edib ki, Azərbaycana qarşı qəbul edilən bəzi qətnamələrin müəllifləri ölkə haqqında kifayət qədər məlumata malik olmasalar da, həmin sənədlərin hazırlanmasında Kremlin təsiri hiss olunur. Onun sözlərinə görə, bu, Rusiyanın Avropa daxilində təsir imkanlarının davam etdiyini göstərir.
Azər Həsrət hesab edir ki, Azərbaycanın beynəlxalq münasibətlərdə tutduğu açıq və səmimi mövqe digər dövlətlər üçün nümunədir. O bildirib ki, rəsmi Bakı mövqeyini gizlətmir və "üzdə bir söz deyib, arxada başqa siyasət yürütmür".
Şərhçinin fikrincə, Avropanın Rusiya ilə texnologiya, mədəniyyət, ədəbiyyat və dil sahələrində əlaqələri davam etdirməsi Kremlin təsir imkanlarını qoruyur və bunun həm Avropa, həm də beynəlxalq təhlükəsizlik baxımından mənfi nəticələri ola bilər.
Azər Həsrət sonda Almaniyanın bu istiqamətdə atdığı addımları tənqid edərək bildirib ki, alman cəmiyyəti bu məsələyə münasibət bildirməlidir.
Dəniz NƏSİRLİ