Yəməndəki İran tərəfindən dəstəklənən Husi üsyançıları Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus "ENCELIA" və "LAYLA" adlı iki neft tankerini vurub.
Husilərin hərbi sözçüsü Yəhya Seri, sözügedən gəmilərin tranzit qadağası əmrini pozduqları üçün hədəfə alındığını vurğulayıb. Onun sözlərinə görə, hücumlar çoxsaylı ballistik raketlər, qanadlı raketlər və PUA-larla həyata keçirilib.
Seri bildirib ki, Yəmən Silahlı Qüvvələri (Husilər) təxminən 10 gəmini geri çəkilməyə və geri qayıtmağa məcbur edib.
Husilərin sözçüsü Səudiyyə Ərəbistanı hökumətinə birbaşa xəbərdarlıq da edib: "Yəmən Silahlı Qüvvələri olaraq, düşmənimiz Səudiyyə Ərəbistanına çatdırmaq istəyirik ki, ölkəmizi hədəf alan hər hansı bir axmaqlıq və ya hücum onun ərazisinin dərinliklərində genişmiqyaslı əməliyyatlarla qarşılanacaq".
Xatırladaqki, İranın dəstəklədiyi Husi üsyançıları iyulun 20-də Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq etməyə başladıqlarını elan etdilər.
Tahir TAĞIYEV