21 iyulda Türkiyədə ikinci dəfə saxlanılan Deutsche Welle (DW) jurnalisti Alican Uludağ bir gün sonra Ankarada məhkəmə məhdudiyyətləri tətbiq edilməklə sərbəst buraxılıb. Mövcud işə əlavə olaraq, onunla bağlı yeni istintaqın davam edəcəyi bildirilir.
Eyni zamanda, Uludağın üzərinə həftədə dörd dəfə polisə müraciət etmək öhdəliyi qoyularaq ölkədən çıxışı yasaqlanıb.
Xəbərə görə, DW müxbiri daha öncə 19 fevralda saxlanılıb və 21 mayda azadlığa buraxılmazdan əvvəl 92 gün məhkəməyəqədər həbsdə olub.
Birinci işdə jurnalist Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı "açıq şəkildə təhqir etməkdə" və X sosial media platformasında "açıq şəkildə yanlış məlumat yaymaqda" ittiham olunub. İttihamlar müxbirin şübhəli İŞİD döyüşçülərini azad etdiyinə görə Türkiyə hakimiyyətini tənqid etdiyi paylaşımla bağlı olub. Uludağ, həmçinin, Türkiyə hökumətini korrupsiyada da tənqid edib. Bu ittihamlar hələ də baxılmaqdadır. Məhkəmənin növbəti iclası 18 sentyabr tarixinə təyin edilib.
Almaniya hökuməti ilkin həbsi sərt şəkildə tənqid edərək, Türkiyə hakimiyyətindən DW jurnalistini dərhal azad etməyi tələb edib. Türkiyə hakimiyyətinin ittihamlarını əsassız adlandıran Berlin Deutsche Welle və onun işçilərinə "sərbəst işləmək və Türkiyədəki hadisələr barədə müstəqil şəkildə məlumat vermək" imkanı verilməsini tələb edib.
Uludağın yenidən həbsi 22 iyulda dinləmədən əvvəl Ankara məhkəməsinin qarşısında toplaşan türk jurnalist təşkilatlarının da tənqidinə səbəb olub. Kiçik bir qrup nümayişçi əllərində lövhələr tutaraq "Jurnalistika cinayət deyil" şüarları səsləndirib və müxbirin dərhal azad edilməsini tələb edib.
Olaya münasibət bildirən DW baş direktoru deyib ki, jurnalistika cinayət məsuliyyətinə cəlb edilməməlidir. "Biz onun hüquqlarına tam hörmət edilməsini gözləyirik və qanunun aliliyinə uyğun olaraq ədalətli məhkəmə prosesi tələb edirik. Deutsche Welle Uludağı qətiyyətlə dəstəkləyir", - Massinq vurğulayıb.
Əli TURABOV