Hüseyn İbrahimov: “Söhbət siyasi, iqtisadi, humanitar, sosial və digər sahələrdə olan dialoq imkanlarından gedir”
Berlində iyulun 21-də Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə imzalanıb.
Bəyannamədə deyilir ki, tərəflər Azərbaycan-Avropa İttifaqı (Aİ) tərəfdaşlığının strateji əhəmiyyətini vurğulayır və siyasi dialoqun və praktik əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə artan əməkdaşlığı qeyd edirlər. Onlar həmçinin yenilənmiş Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetlərinin qəbul edilməsinin və Azərbaycan Respublikası ilə Aİ arasında mövcud dialoq mexanizmlərindən tam həcmdə istifadənin əhəmiyyətini vurğulayırlar. Tərəflər həmçinin Azərbaycan ilə Aİ üzv dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi səylərini yüksək dəyərləndirirlər.
Bəyannamədə Azərbaycan Respublikası ilə Aİ arasında mövcud dialoq mexanizmlərindən tam həcmdə istifadənin əhəmiyyəti vurğulanır. Bu, nə demək?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən sosioloq Hüseyn İbrahimov hesab edir ki, Azərbaycanla Aİ arasında mövcud dialoq mexanizmlərin sferası böyükdür: “Burada söhbət siyasi, iqtisadi, humanitar, sosial və digər sahələrdə olan dialoq imkanlarından gedir. O üzdən, bu imkanlardan maksimim istifadə edilməlidir. Hər iki tərəfin bu dialoqa ehtiyacı var. Bu dialoq tərəflər arasında bəzi məsələlərə münasibətdə ortaq məxrəcin tapılmasına fayda verə bilər. Çünki elə məsələlər var ki, tərəflərin buna yanaşması fərqlidir. O üzdən, həm dialoq həmişə olmalıdır, o cümlədən dialoqun bütün mexanizmlərindən istifadə edilməlidir. Məsələn, Azərbaycan illərdir mina problemindən əziyyət çəkir. İşğal dövründə ərazilərimizin böyük hissəsi minalarla çirkləndirilib. Hesab edirəm ki, dialoq çərçivəsində Avroittifaqın diqqətinin bu problemə, bunun yaratdığı sosial fəsadlara yönəltmək olar. Nəticədə ərazilərimizin minalardan təmizlənilməsinə Aİ maliyyə, texniki dəstək göstərə bilər. Başqa bir tərəfdən, Avropada bəzi dairələr Qarabağ separatçılarının azad edilməsi çağırışları ilə çıxış edir, bunu Aİ təsisatlarının gündəliyinə salmağa cəhd edirlər. Fikrimcə, siyasi dialoqla belə halların qarşısı alınmalıdır. Avropa qurumlarına izah etməliyik ki, separatçılara fərq qoymaq olmaz. Digər postsovet ölkələrində Aİ-nin separatçılara münasibəti neçədirsə, Qarabağ separatçılarına da münasibət o cür olmalıdır”.
Vidadi ORDAHALLI