Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio Manilada görüşüblər. Rusiya KİV-lərinin məlumatına görə, görüş 35 dəqiqə davam edib.
ABŞ dövlət katibinin cədvəlinə əsasən, onun rusiyalı nazirlə görüşünə təxminən yarım saat vaxt ayrılıb.
Rusiya Xarici İşlər Nazirliyi Lavrovla amerikalı həmkarı Rubio arasındakı danışıqları ətraflı adlandırıb. Bildirilir ki, onlar son yüksək səviyyəli təmaslara əsaslanaraq geniş ikitərəfli və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Ukrayna məsələsinin müzakirəsi zamanı Lavrov amerikalı həmkarını təmas xəttindəki real vəziyyət barədə məlumatlandırıb və Kiyevin silahlandırılmasının və Avropa ölkələrinin Rusiyaya "strateji məğlubiyyət" gətirməyə yönəlmiş ümumilikdə qeyri-sabitlik yaradan siyasətinin qəbuledilməz olduğunu vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, Lavrov Rusiyanın münaqişənin siyasi və diplomatik yolla həllinə hazır olduğunu və prezidentlər Putin və Tramp arasında Ankoricdə keçirilən görüşdə Amerika tərəfinin irəli sürdüyü və Rusiya liderinin razılaşdığı təkliflərə sadiq olduğunu bir daha təsdiqləyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl bildirib ki, görüşün təşəbbüskarı Amerika tərəfidir və Rusiya tərəfi təklifi qəbul edib. Bu, Lavrov və Rubionun şəxsən dördüncü görüşüdür.
Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri sonuncu dəfə ötən ilin sentyabr ayının sonunda Nyu-Yorkda görüşmüşdülər.
Tahir TAĞIYEV