Yekaterinburqda 24 il həbs cəzasına məhkum edilmiş Uraldakı Azərbaycan diasporunun keçmiş lideri Şahin Şıxlinski Bakıda həbsdə olan Rusiya vətəndaşlarının iştirakı ilə mümkün məhbus mübadiləsinə daxil edilə bilər. Bu barədə E1 mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, mübadilə avqustun əvvəlində baş tuta bilər. Mənbələr həmçinin Şıxlinskinin oğlunun da prosesə daxil edilə biləcəyini bildirirlər.
E1-in mənbələrindən biri bildirib ki, diasporun keçmiş rəhbəri mübadilədə iştirakına "100% əmindir" və nikbindir.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvanın bu məsələni Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla müzakirə etməyi planlaşdırdığını bildirmişdi.
Rusiya ilə Azərbaycan arasında münasibətlər 2025-ci ilin yayında Yekaterinburqda kütləvi həbslər və istintaq zamanı iki Azərbaycan vətəndaşının ölümü ilə pisləşmişdi.
Tahir TAĞIYEV