Sidney Marafonunun təşkilatçıları qəribə bir səhvə yumoristik yanaşıblar: Medallarda Sidneyin Allianz Stadionu əvəzinə Münhenin Allianz Arenası təsvir edilib.
BBC News xəbər verir ki, təşkilatçılar medal dizaynını yayımladıqdan sonra xəta sosial media istifadəçiləri tərəfindən aşkar edilib. Stadionun forması Sidney stadionundan daha çox Almaniyanın Münhen şəhərindəki stadiona bənzəyir.
Sidney Marafonunun sözçüsü hadisəni "təəssüf doğurucu səhv" adlandırıb və məsələnin digər tərəfində "həddindən artıq beynəlxalq ajiotaj" olduğunu deyib.
Təşkilatçılar medalları dəyişdirməyi planlaşdırmır - iştirakçılar Münhen stadionunun təsvir olunduğu versiyanı alacaqlar. Təşkilatçılar medalın artıq "bir az daha unikal" olduğunu qeyd edərək "Biz bundan qaçmayacağıq" deyiblər.
Medalda həmçinin 42,2 km-lik marafon marşrutu boyunca yerləşən Sidneyin ikonik abidələri, Opera Teatrı və Sidney Liman Körpüsü də yer alır.
Bu qəribəlik Almaniyada da diqqətdən kənarda qalmayıb. Rəsmi Allianz Arena hesabı Münhen stadionunun Sidney Marafonu medallarında yer almasının "gözlənilməz" olduğunu bildirərək, təşkilatçıların sadəcə iki məkan arasındakı memarlıq oxşarlıqlarını vurğulamaq istədiklərinə eyham vurulur.
Medalın arxa tərəfi yerli avstraliyalı rəssam Ambrose Killian tərəfindən dizayn edilib. O, BBC-yə verdiyi müsahibədə stadionun təsvir olunduğu tərəfin yaradılmasında iştirak etmədiyini vurğulayıb.
Sidney Marafonu 30 avqustda keçiriləcək. Təxminən 40.000 qaçışçı iştirak edəcək; təşkilatçılar 120.000-dən çox lotereya qeydiyyatı alıblar.
Tahir TAĞIYEV