Tural İsmayılov: “Azərbaycan və Özbəkistan münasibətlərini dəyişən siyasi konyunkturadan asılı olmayan, uzunmüddətli və nəsillərüstü strateji tərəfdaşlıq modelinə çevirirlər”
Azərbaycan və Özbəkistan arasında "Əbədi dostluq haqqında Müqavilə" imzalanıb. Bundan iki il əvvəl, yəni 2024-cü il avqustun 23-də Azərbaycan və Özbəkistan “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalayıb.
Bu müqavilə Azərbaycan-Özbəkistan münasibətlərinin dostluqdan daha yüksək səviyyəyə qalxdığını göstərir. İki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi üçün möhkəm əsas yaranır. Xüsusilə türk dövlətləri arasında həmrəyliyin artması baxımından bu sənəd mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Azərbaycanın Özbəkistandan başqa heç bir dövlətlə “Əbədi dostluq haqqında” ayrıca müqaviləsi yoxdur. Lakin Azərbaycan digər yaxın müttəfiqləri və strateji tərəfdaşları ilə oxşar yüksək səviyyəli sazişlər bağlayıb.
Politoloq Tural İsmayılov baki-xeber.com-a bildirdi ki, Azərbaycan və Özbəkistan arasında imzalanan “Əbədi dostluq haqqında Müqavilə”ni yalnız iki qardaş ölkə arasında münasibətlərin simvolik ifadəsi kimi qiymətləndirmək düzgün olmaz. “Bu sənəd artıq formalaşmış strateji tərəfdaşlığın və müttəfiqliyin uzunmüddətli siyasi-hüquqi çərçivəyə salınması baxımından mühüm geosiyasi hadisədir. Xüsusilə də Azərbaycanın digər dövlətlərlə münasibətlərində belə bir “əbədi dostluq” formatının analoqunun olmaması sənədin siyasi çəkisini daha da artırır.
Əvvəla, müqavilə Azərbaycan və Özbəkistanın bir-birinə siyasi etimadının nə qədər yüksək olduğunu nümayiş etdirir. Sənəddə dövlətlərin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmət, qarşılıqlı dəstək və bir-birinə zərər vura biləcək fəaliyyətlərə yol verməmək kimi mühüm müddəaların yer alması münasibətlərin sadəcə xoş niyyətlər üzərində deyil, konkret öhdəliklər üzərində qurulduğunu göstərir”.
T.İsmayılovun fikrincə, ikinci mühüm məsələ iqtisadi və nəqliyyat perspektividir. O, vurğuladı ki, müqavilə ticarət, investisiya, energetika, nəqliyyat-logistika, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı, kosmik texnologiyalar və digər sahələrdə birgə layihələri təşviq edir. “Bundan əlavə, tərəflər 2030-cu ilədək qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması istiqamətində ayrıca proqram da imzalayıblar. Bu, sənədin siyasi deklarasiyadan daha çox real iqtisadi nəticələr yaratmaq məqsədi daşıdığını göstərir.
Üçüncü və daha böyük geosiyasi məqam isə Orta Dəhliz və Türk dünyasının inteqrasiyasıdır. Azərbaycan coğrafi baxımdan Xəzər üzərindən Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən əsas halqalardan biridir. Özbəkistan isə Mərkəzi Asiyanın ən mühüm iqtisadi və demoqrafik mərkəzlərindən biridir. Bakı–Daşkənd əməkdaşlığının dərinləşməsi bu iki coğrafiyanın nəqliyyat, ticarət və logistika baxımından daha sıx bağlanmasına imkan verir.
Ən vacibi isə budur: bu müqavilə gələcəyə hesablanıb. Burada söhbət təkcə prezidentlər və indiki siyasi nəsil arasındakı münasibətlərdən getmir. Təhsil, dil, mədəniyyət, gənclər, turizm və regionlararası əlaqələrin inkişaf etdirilməsi iki xalq arasındakı münasibətlərin institusional şəkildə gələcək nəsillərə ötürülməsini nəzərdə tutur.
Məncə, sənədin əsas mesajı çox aydındır: Azərbaycan və Özbəkistan münasibətlərini dəyişən siyasi konyunkturadan asılı olmayan, uzunmüddətli və nəsillərüstü strateji tərəfdaşlıq modelinə çevirirlər. Bu baxımdan “əbədi dostluq” sadəcə diplomatik ifadə deyil, Bakı ilə Daşkəndin bir-birini Türk dünyasının gələcəyində əsas tərəfdaşlardan biri kimi gördüyünü göstərən siyasi manifestdir”-deyə T.İsmayılov vurğuladı.
İradə SARIYEVA