İtaliya və Almaniya arasında Aralıq dənizində xilas edilmiş miqrantların taleyi ilə bağlı fikir ayrılıqları artır.
DPA-nın verdiyi məlumata görə, İtaliya Baş nazirinin müavini və nəqliyyat naziri Matteo Salvini bildirib ki, Ümumi Avropa Sığınacaq Sisteminin (CEAS) qaydalarına zidd olaraq Almaniyanın humanitar yardım gəmiləri Aralıq dənizində miqrantları xilas etməyə davam edərkən, ölkəsi Almaniyadan İtaliyaya geri göndərilən "qanunsuz miqrantları" qəbul etməyəcək. Alman həftəlik Der Spiegel qəzeti sağçı Lega partiyasının sədri Salvininin bu yaxınlarda İtaliyanın şimalındakı Trento şəhərində keçirilən tədbirdə dediyi sözlərə istinad edərək bildirib: "Almaniyanın QHT gəmiləri Aralıq dənizində üzüb minlərlə qanunsuz miqrantı İtaliyaya və Avropaya gətirərkən Almaniyanın bizə bir dənə də olsun qanunsuz miqrant göndərmək hüququ yoxdur". Romanın məlumatına görə, təkcə bu ilin əvvəlindən Almaniya QHT gəmiləri Aralıq dənizində 2200 miqrantı götürərək İtaliya limanlarına çatdırıb. Onlardan bəziləri sonradan ölkəni tərk edərək, Almaniya da daxil olmaqla, digər Aİ ölkələrinə gedib.
SAMİRƏ