Azərbaycan Prezidenti İlham Əliyevin Özbəksitana rəsmi səfəri çərçivəsində Daşkənd şəhərində Azərbaycanın İqtisadiyyat, Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Özbəkistanın Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyinin birgə təşkilatçılığı ilə IV Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib.
Forumun məqsədi Özbəkistanın müxtəlif regionlarını təmsil edən rəsmi şəxslər və sahibkarlarla ikitərəfli görüşlərin keçirilməsi, həmçinin yeni əməkdaşlıq əlaqələrinin qurulması olub.
Forumda ölkəmizdən 10-dan çox şəhər və rayon iştirak edib.
I Forum 24 fevral 2023-cü ildə Daşkənddə, II Forum 21 may 2024-cü ildə Qubada, III Forum 20 iyun 2025-ci ildə Bakıda, IV Forum isə bilindiyi kimi dünən Daşkənddə keçirilib.
Azərbaycan–Özbəkistan Regionlararası Forumu iki ölkə arasında münasibətlərin yalnız mərkəzi hökumətlər səviyyəsində deyil, regionlar, şəhərlər, biznes dairələri və yerli idarəetmə orqanları səviyyəsində də institusionallaşmasına xidmət edən mühüm platformadır. 2023-cü ildə Daşkənddə I Forumdan başlayan proses artıq 2026-cı ildə IV Forumadək gəlib çatıb.
IV Forumun əvvəlki forumlardan əsas fərqi regionlararası əməkdaşlığın daha çox konkret iqtisadi layihələrə keçirilməsidir. Yəni söhbət təkcə siyasi və mədəni əlaqələrdən yox, investisiya, istehsal, enerji, logistika, Orta Dəhliz və şəhərlərarası birbaşa iqtisadi əməkdaşlıqdan gedir.
Qarşılıqlı ticarət həcminin artırılmasına və birgə investisiya layihələrinin gerçəkləşdirilməsinə şərait yaradır.
Enerji, nəqliyyat-tranzit, kənd təsərrüfatı, tikinti, maliyyə və rəqəmsallaşma sahələrində əməkdaşlığı genişləndirir. Mərkəzi hakimiyyətlərlə yanaşı, yerli biznes subyektləri və bölgələr arasında birbaşa tərəfdaşlıq əlaqələrini möhkəmləndirir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, eləcə də Orta Dəhlizin imkanlarından istifadə istiqamətində ortaq təşəbbüsləri dəstəkləyir. Formun siyasi əhəmiyyətinə gəlincə, dövlət başçılarının yüksək səviyyəli siyasi iradəsi ikitərəfli münasibətləri strateji tərəfdaşlıqdan keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəldib.
Forum Cənubi Qafqaz və Mərkəzi Asiya regionları arasında geoiqtisadi yaxınlaşmanı gücləndirir, həmçinin Türk dünyasının ümumi inteqrasiya proseslərinə mühüm töhfə verir.
İradə SARIYEVA