İsrail hökumətinin İordan çayının Qərb sahilində E1 yaşayış məntəqəsi layihəsinin bir hissəsi olaraq 1200-dən çox yaşayış yerinin tikintisi üçün tender elan etməsi iki dövlətli həll perspektivlərini kökündən sarsıdır.
Bu barədə AB Xarici işlər naziri Kaja Kallas bildirib. "E1 planının həyata keçirilməsi Qərb sahilini iki yerə böləcək, Şərqi Qüdsü təcrid edəcək və iki dövlətli həllin davamlılığını daha da sarsıdacaq. Bu hadisələr Qərbdə davam edən qeyri-sabitlik və rekord səviyyədə məskunlaşanların zorakılığı fonunda baş verir. Bu kontekstdə, İsrail dövlət prokurorunun bu cür zorakılıq törədənlərin bəzilərinə qarşı irəli sürdüyü son ittihamları qeyd edirik"- Kallas bazar günü axşamı yayımlanan açıqlamasında bildirib. AB Xarici İşlər üzrə Ali Nümayəndəsinin sözlərinə görə, Brüsselin mövqeyi aydındır: "E1 bölgəsi də daxil olmaqla, Qərb sahilindəki İsrail yaşayış məntəqələri beynəlxalq hüquqa görə qanunsuzdur". Sənəddə İsrail hökuməti tenderi geri götürməyə, E1 layihəsi üçün planlarını, eləcə də bütün digər yaşayış məntəqələrinin genişləndirilməsi layihələrini dayandırmağa və köçkünlərin zorakılığına görə məsuliyyət daşımağa çağırılır.
Kallas qeyd edib ki, Aİ "İki demokratik dövlətin - İsrail və Fələstinin təhlükəsiz və tanınmış sərhədlər daxilində sülh və təhlükəsizlik şəraitində yan-yana yaşadığı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq iki dövlətli həll yoluna əsaslanan hərtərəfli, ədalətli və davamlı sülhə sarsılmaz sadiqliyini bir daha təsdiqləyir". E1 layihəsi Qüdsün şərq, ərəb hissəsi ilə İsrailin Maale Adumim yaşayış məntəqəsi arasında, Əl-Ezariya da daxil olmaqla ərəb şəhərləri və məhəllələrinə bitişik yerləşən təxminən 12 kvadrat kilometrlik bir torpaq sahəsidir. Bu layihə 2010-cu illərin əvvəllərindən bəri faktiki olaraq dondurulmuşdu. 2010-cu ildə İsrail ərazidə tikinti planlarını elan etdi və bu, beynəlxalq səviyyədə ciddi reaksiyaya səbəb oldu ki, nəticədə tikinti dayandırıldı. 2025-ci ilin avqust ayında İsrail hakimiyyətinin ərazinin yenidən açılmasını və inkişaf etdirilməsini təsdiqləməsi ilə etirazlar və beynəlxalq liderlərin bu qərarları ləğv etmə tələbləri yenidən gündəm oldu.
SAMİRƏ