Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətinin Klimovski rayonundakı “Miratorq” kənd təsərrüfatı müəssisələrinə hücum edib. Müəssisəyə hücum nəticəsində istehsal binalarına ciddi ziyan dəyib və yanğın baş verib.
"Zərər çox böyükdür. Heç kim itki verməyib", - şirkətin mətbuat xidməti bildirib. Başqa bir müəssisədə isə mühafizəçi drondan düşən qəlpələrdən yaralanıb.
İki gün əvvəl isə Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində “Miratorq”un Bryansk bölgəsindəki kənd təsərrüfatı holdinqinə hücum olub. Qubernator vəzifəsini icra edən Yeqor Kovalçuk bir neçə istehsal binasının zədələndiyini və iki ağır tonnajlı yük maşınının sıradan çıxdığını deyib. Tələfat barədə məlumat verilməyib.
“Miratorq” Rusiyada ən böyük donuz əti və mal əti istehsalçısıdır. Şirkətin özünün məlumatına görə, o, gündəlik 30 ton məhsul istehsal edir və ölkə daxilində paylanır.
Kənd təsərrüfatı holdinqi keçmiş Rusiya prezidenti Dmitri Medvedevin həyat yoldaşı ilə əlaqəli olan Aleksandr və Viktor Linnik qardaşlarına məxsusdur.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Rusiyanın ən böyük bazarı olan “Wildberries”in logistika mərkəzlərini hədəf almağa başlamışdı. İyulun 18-də Tambov vilayətinin Kotovsk və Moskva vilayətinin Elektrostal şəhərlərindəki anbarlara hücum edilib. Səkkiz nəfər ölüb, təxminən 80 nəfər yaralanıb. Böyük yanğınlar baş verib. İyulun 22-də isə Krasnodar və Nevinnomıssk şəhərlərindəki komplekslərə zərbələr endirilib. Hücum nəticəsində şüirkətə ciddi ziyan dəyib, 13 nəfər yaralanıb.
Tahir TAĞIYEV