Arzuxan Əlizadə: “Almaniyanın bu dialoqa başlaması da məhz Azərbaycanın artan nüfuzunun və etibarlı tərəfdaş imicinin göstəricisidir”
Əminəm ki, bu gün imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. Bu sözləri Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mətbuat konfransında söyləyib. Prezident İlham Əliyev deyib: “Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq”.
Artıq Almaniya və Azərbaycan aradıbda siyasi dialoq başladı. Bu dialoqun əhəmiyyətini vurğulayan millət vəkili Arzuxan Əlizadə baki-xeber.com-a bildirdi ki, Azərbaycan ilə Almaniya arasında strateji dialoqun başlanması iki ölkə münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. “Bu, onu göstərir ki, Azərbaycan artıq Avropanın aparıcı dövlətləri üçün təkcə enerji tərəfdaşı deyil, həm də regional təhlükəsizlik, nəqliyyat-logistika layihələri və Cənubi Qafqazda sülh prosesində mühüm aktor kimi qəbul olunur. İmzalanan sənədlər siyasi, iqtisadi və humanitar əməkdaşlığın daha da genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edəcək.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, strateji dialoqun başlanması təsadüfi deyil. Son illər Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, eləcə də regionda formalaşan yeni geosiyasi reallıqlar ölkəmizin beynəlxalq mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Almaniyanın bu dialoqa başlaması da məhz Azərbaycanın artan nüfuzunun və etibarlı tərəfdaş imicinin göstəricisidir.
Eyni zamanda, bu proses Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır”.
A.Əlizadə qeyd etdi ki, Almaniya Avropanın aparıcı siyasi və iqtisadi gücü kimi Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu nümayiş etdirir. “Bu əməkdaşlığın gələcəkdə enerji, yaşıl keçid, yüksək texnologiyalar, sənaye, investisiya və nəqliyyat sahələrində konkret layihələrlə daha da zənginləşəcəyini gözləmək olar. Bütün bunlar Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə və milli maraqlarının təmin olunmasına xidmət edən mühüm diplomatik uğur kimi qiymətləndirilməlidir”-deyə millət vəkili vurğuladı.
İradə SARIYEVA