Nikaraqua prezidenti Daniel Orteqa ölkədə artıq seçki keçirilməyəcəyini bəyan edib.
Reuters agentliyinin verdiyi məlumata görə, Orteqa deyib ki, səsvermənin ləğvi müxalifətin hakimiyyətə gedən yolunu bağlamaq üçün zəruridir.
Bu açıqlama 1979-cu il inqilabının 47-ci ildönümü münasibətilə keçirilən mərasimdə edilib. "The Guardian" qəzetinin məlumatına görə, Orteqa həmçinin Konqres tərəfindən müxalifətə qarşı "divar hörəcək" yeni qanunların qəbul ediləcəyini də açıqlayıb.
Bundan əlavə, o, ABŞ-ı sərt tənqid edərək, Venesuela lideri Nikolas Maduronun qaçırılmasını "dəhşətli" adlandırıb və müxalifətin geri qayıtmasının qarşısının alınmasının ölkəni 2018-ci ildəki kütləvi etirazları təşkil edən "plançılardan" qorumaq üçün vacib olduğunu vurğulayıb. Orteqa ölkəyə 1979-cu ildən 1990-cı ilə qədər rəhbərlik edib və 2007-ci ildə yenidən prezidentliyə gələrək, o vaxtdan bəri bu vəzifəni tutur. Növbəti seçkilər 2027-ci ilə planlaşdırılırdı. Reuters qeyd edir ki, ötən il o, bir sıra konstitusiya islahatları vasitəsilə mövqeyini daha da gücləndirib: prezidentlik müddətini beş ildən altı ilə uzadıb və əvvəllər vitse-prezident olan həyat yoldaşı Rosario Murillonu "həmsədr" təyin edib. Beləliklə, Orteqa və həyat yoldaşı hərbi və məhkəmə sistemi də daxil olmaqla, demək olar ki, bütün hökumət sahələrinə nəzarət edirlər.
Nikaraquada son seçkilər 2021-ci ildə keçirilib. ABŞ-ın keçmiş prezidenti Co Baydenin sözlərinə görə, yeddi potensial prezidentliyə namizəd də daxil olmaqla, təxminən 40 müxalifətçi uydurma bəhanələrlə həbs edilib və hökumət siyasi partiyaların iştirakını məhdudlaşdırıb ki, bu da seçki günündən xeyli əvvəl nəticələri "saxtalaşdırıb".
Bayden daha sonra Nikaraqua və Orteqaya qarşı insan haqlarının pozulmasına görə şəxsən sanksiyalar tətbiq edən sərəncam imzalayıb və ABŞ Maliyyə Nazirliyi ölkənin Baş Prokurorluğuna və doqquz vəzifəli şəxsə "saxta seçkilər" keçirdiyinə görə məhdudiyyətlər tətbiq edib.
2025-ci ildə Rosario Murillo Nikaraquanın "suverenliyinə hörmətsizlik" səbəbindən BMT İnsan Hüquqları Şurasından çıxdığını elan edib. Onun sözlərinə görə, BMT İnsan Hüquqları Şurası "hökumətin işini nüfuzdan salmağa və milli suverenliyi sarsıtmağa yönəlmiş böhtanlar və yalanlar" yayır və görəvli olduğu missiyanı yerinə yetirə bilmir.
SAMİRƏ